2023-2024-cü tədris ili üzrə HTP çərçivəsində Çində təhsil təqaüd proqramı

xaricdetehsil.net
xaricdetehsil.net
11 Min Read
xaricdə təhsil dövlət proqramı, çində təhsil

Çin Xalq Respublikası 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 25 dekabr 2022-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Çin Xalq Respublikasında Təhsil – Çində Təhsil

Çində dövlət proqramı ilə təhsil üçün məlumat və müraciət qaydaları

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2020-ci il tarixli Fərmanı ilə
təsdiqlənmiş 13.04.2020-ci il tarixli Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında
Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında
qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.


Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki
il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə
müvafiq dil sertifikatına malik olmalıdır. Çin dili üzrə hazırlıq kursu keçmək istəyən tələbələr
bakalavriat təhsil səviyyəsi üzrə çin dili səviyyəsi imtahanı üzrə (HSK3) 3-cü dərəcəyə, magistratura
və doktorantura təhsil səviyyələri üzrə isə çin dili səviyyəsi imtahanı üzrə (HSK4) 4-cü dərəcəyə malik
olmalıdırlar.

İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz
ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı (yalnız *-la
işarlənmiş ixtisaslar) https://campuschina.org/universities/index.html internet səhifəsindən müvafiq
məlumatlarla tanış olmağınız xahiş olunur.


Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna
olmaqla, bakalavriat səviyyəsi üzrə 4-6 il, magistratura səviyyəsi üzrə 2-4 il və doktorantura səviyyəsi
üzrə 3-4 il arasında dəyişir.


Təqaüd proqramına müraciət üçün son tarix: 25.12.2022/12:00 (GMT+4, Bakı vaxtı ilə)

  1. Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Elm və Təhsil
    Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli – https://app.htp.edu.az/ və elektron
    qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil
    müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək
    onlayn və ya ənənəvi müsahibəyə dəvət olunacaqlar;
  2. Müsahibənin dəqiq vaxtı və keçid (link) barədə məlumat namizədə elektron sistem vasitəsi
    ilə bildiriləcəkdir;
  3. Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada
    müsahibədən sonra əlaqədar şəxsə təqdim etməyiniz sizə bildiriləcəkdir;
  4. Onlayn və ya ənənəvi müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən
    şəxslər müsahibəyə buraxılmayacaqdır;
  5. Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə
    audio-video yazılması aparılır;
  6. Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
  7. Elm və Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları ÇXR tərəfinə
    təqdim ediləcəkdir;
  8. Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün ÇXR tərəfinə göndərilmiş
    namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim
    sıralamasına uyğun olaraq göndəriləcəkdir;
    *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla
    tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin həmin
    universitetlərdə təqaüd hesabına təhsili mümkün olmayacaqdır.
  9. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin iyul ayı ərzində
    təqdim olunması gözlənilir.
    Maliyyələşmə
    Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
    Çin tərəfindən:
    – Ali məktəbdə qeydiyyat xərci
    – Təhsil haqqı
    – Laboratoriya xərci
    – Təcrübə (“internship”) xərci
    – Tədris materialları
    – Yataqxana xərci
    – Aylıq yaşayış xərci
    Təqaüd Proqramına daxil olan xərclər barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etməyiniz
    mümkündür: https://www.campuschina.org/content/details3_74776.html
    Azərbaycan tərəfindən (Elm və Təhsil Nazirliyi):
    – Aviabilet (hər tədris ili üzrə yalnız bir dəfə – gediş-gəliş bileti)

    Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
    Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə
    mərhələsində iştirak hüququ əldə edəcəklər:
    – Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında
    diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olması tövsiyə olunur
    (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8
    nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının)
    siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95
    nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların
    (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);

    – İddiaçıların seçdiyi hər bir ixtisasın eyni ixtisas istiqaməti üzrə olması tövsiyə olunur;

    – Bakalavriat təhsil səviyyələri üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil
    müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları
    çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza
    ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 350, digər sahələr
    üzrə ən azı 450 bal toplamalıdırlar;

    – 2022/23-cü tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan
    Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin
    məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə
    tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal
    sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 60%-indən az olmamalıdır;

    – DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə
    tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq
    sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 69 baldan aşağı olmamalıdır. DİM
    imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;

    – Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura
    səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;

    – Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil
    səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı
    eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan
    aşağı olmamalıdır;

    – İngilis dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama
    uyğun dil biliyi səviyyəsi sertifikatı (IELTS sertifikat balı minimum 6.0 və ya digər sertifikatların
    bu göstəriciyə ekvivalentini təşkil etməlidir;

    – Çin dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama uyğun
    dil biliyi səviyyəsi sertifikatı HSK (3/4);

    – “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
    çərçivəsində təhsil almış, lakin Elm və Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il
    ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul
    edilməyəcəkdir;
  10. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (…dövlət оrta
    iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq
    təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil
    müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan
    gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu
    ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;

    Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Elm və Təhsil Nazirliyi tərəfindən aparılan
    yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd
    proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir

Çində Təhsil üçün Tələb olunan sənədlər

  • Bakalavriat səviyyəsi üçün müraciət edən namizədlər ümumi orta təhsil haqqında (attestat)
    və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb
    tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) ingilis dilində notariat qaydada tərcümə
    və təsdiq edilmiş surəti;
  • Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul
    olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə
    akademik göstəricilər (ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti);
  • Ali təhsil haqqında sənədinin (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün)
    və diploma əlavənin ingilis və Azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) dillərində
    notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
    Qeyd: Namizəd bakalavriat və ya magistratura diplomunu xarici təhsil müəssisəsinin məzunu
    olaraq almışdırsa, həmin ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində verilmiş
    kvalifikasiyaların tanınmasına dair sənədin surəti.
  • Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə qısa xülasə (“Microsoft
    Word (doc.)” formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət
    müəyyən olunmamışdır;
    Bakalavriat səviyyəsi üçün – minimum 500 söz,
    Magistratura və doktorantura səviyyələri üçün – minimum 800 söz.
  • Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı elektron materiallar,
    incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə
    olunduğu elektron materiallar;
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu
    təqdirdə);
  • IELTS, TOEFL, HSK (mövcud olduğu təqdirdə) sertifikatı və ya müvafiq təhsil səviyyəsi üzrə
    təhsilini ingilis dilində tamamladığına dair arayış;
  • CV və ya tərcümeyi-hal (ingilis dilində);
  • Ümumvətəndaş pasportunun surəti (pasportun bitmə tarixi 1 mart 2024-cü ildən sonra
    olmalıdır).
  • Tövsiyə məktubları (2 ədəd ingilis dilində, möhürlü, imzalı və yeni tarixli)
  • Sağlamlıq haqqında ərizə formasını keçiddən əldə edə bilərsiniz.
  • Məhkumluq haqqında arayış (ingilis dilində notarial qaydada tərcümə təsdiq edilmiş sürəti).

18 yaşı tamam olmamış ərizəçilər Çindən qəyyumluq haqqında sənəd, valideynlərinin
onların xaricdə təhsil almalarına razılığına dair notariat qaydada ingilis dilinə tərcümə-təsdiq
edilmiş müvafiq sənəd təqdim etməlidirlər.
Qeyd. Çin hökumətinin 2023/24-cü tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən
bakalavriat səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 25-dən aşağı,
magistratura üçün 35-dən aşağı, doktorantura üçün isə 40-dan aşağı olmalıdır.
Qeyd. Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə
çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş
surətini təqdim etməlidirlər.


Elm və Təhsil Nazirliyi ilə əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.
Tez-tez verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.

Mənbə: htp.edu.az

Share this Article