Dünyanın ən yaxşı universiteti hansıdır? (2022-ci il) – Xaricde Tehsil

Rəsul Musayev
Rəsul Musayev
5 Min Read
xaricde tehsil, xaricdə təhsil almaq, ən yaxşı universitetlər, en yaxsi universitetler reytinqi
Xaricde tehsil üçün ən yaxşı universitetlər

Xaricde təhsil almaq üçün hazırda ən yaxşı təhsil verən universitetlər hansılardır? Bu suala birmənalı şəkildə cavab gətirmək mümkün deyil. Bunun əsas səbəbi universitetlərin təhsil səviyyəsini qiymətləndirmək üçün vahid metodikanın mövcud olmamasıdır. Belə ki, universitetlərin keyfiyyət göstəricilərinə məzunların işlə təmin olunması, universitet məzunlarının dünyaya bəxş etdiyi alim (araşdırmaçı) sayı, müəllim başına düşən tələbə və s. kimi amillər aid edilə bilər.

QS Top Universities hər il ən yaxşı universitetlərin siyahısını dərc edən özəl qurumlardan biridir. 2022-ci il siyahısına görə ən yaxşı universitetlərin sıralaması aşağıdakı kimidir.

10. University of Chicago

ABŞ-ın əhalisinə görə ən böyük 3-cü şəhəri olan Çikaqo şəhərində yerləşən bu universitet 1856-cı ildə yaradılıb. Barak Obama universitetin məşhur məzunlarından biridir. Universitet məzunlarının arasında 29 nobel laueratı var.

9=8. University College London

Nobel mükafatının təqdim olunmağa başladığı ildən bəri hər il universitetin heç olmasa 1 məzunu bu mükafatı qazanıb. Vaxtilə 2007-2015-ci il gənclərin xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində bir neçə azərbaycanlı gənc də bu universitetdə təhsil alıb.

9=8. ETH Zurich – Swiss Federal Institute of Technology

Top 10 siyahımızda Avropa Birliyini təmsil edən yeganə təhsil ocağı olan bu universitet İsveçrənin Sürix şəhərində yerləşir. Daha çox texniki sahələr üzrə ixtisaslaşıb. Bakalavr səviyyəsində əsasən alman, magistratura və doktorantura səviyyələrində isə ingiliscə təhsil verir.

7. Imperial College London

Təbiət elmləri, tibb, mühəndislik və biznes sahələri üzrə təhsil proqramları təklif edir. Universitet yerləşdiyi məkan ilə diqqət çəkir. Belə ki, qonşuluğunda İngiltərənin “Viktoriya və Albert” muzeyi də daxil olmaqla, bir çox mədəniyyət və tarixi əhəmiyyətli qurumlar yerləşir. Başqa bir maraqlı fakt isə odur ki, universitetdə hazırda 140-dan çox ölkənin vətəndaşları təhsil alır.

6. California Institute of Technology

ABŞ-da elmi araşdırmalar aparma potensialı ən yüksək olan təhsil ocaqlarından biridir. Universitetdə hətta NASA-ya məxsus olan laborotoriya da mövcuddur. Texnologiya və mühəndislik hazırda bu universitetin ən güclü olduğu sahələr hesab edilir.

5. Harvard University

ABŞ-da təhsil deyəndə, sözsüz ki, hələ də ilk ağla gələn universitet məhz Harvard-dır. Əsası hələ 1636-cı ildə qoyulmuş bu universitet hazırda 18 milyon nüsxə ilə dünyanın ən böyük kitabxana sisteminə ev sahibliyi edir. Hazırda 21000 tələbənin təhsil aldığı bu universitet həm də istedadlı şəxslərin tez-tez tam təqaüd şansları ilə təmin edildiyi bir qurum olaraq da tanınır.

4=3. Cambridge University

Birləşmiş Krallıqda təhsilin beşiklərindən hesab olunan bu universitet 800 illik tarixə və zəngin təhsil ənənələrinə sahibdir. Hazırda təhsil ocağı daxilindəkı 6 akademik məktəb ümumilikdə 150 müxtəlif fakültəyə ev sahibliyi edir. 100-dən çox kitabxana universitetin akademik potensialının artırılmasına xidmət edir. 80-dən çox idman növündə tələbələrin fəaliyyət göstərməsi üçün imkanlarının yaradılması isə “Cambridge” brendinin üzvlərinə təqdim edilən əlavə bir imtiyazdır.

4=3. Stanford University

Universitet əsas tədris binaları Yahoo, Google və s. kimi texnologiya nəhənglərinin ofislərinin yerləşdiyi məşhur “Silikon Vadisi”ndədir. Belə bir deyim var ki, Stanford Universiteti məzunları yığışıb öz ölkələrini qursa idilər, həmin ölkə dünyanın ən böyük 10 iqtisadiyyatından birinə sahib olardı. Buna görə də universiteti həm də “milyarderlər fabriki” adlandırırlar.

2. University of Oxford

İngilisdilli ölkələrin ən qədim universitetidir Oxford. Qurulduğu il naməlum olsa da, tarixi köklərinin hələ XI əsrə qədər uzandığı bildirilir. Universitetdə təqribən 22000 tələbə təhsil alır və onların 40% hissəsi beynəlxalq tələbələrdir. Hazırda Oksfordun 25%-ə yaxın sakini tələbələrdir, bu da onu Birləşmiş Krallığın ən gəc şəhəri edir. Birləşmik Krallığın indiyə qədərki baş nazirlərindən 26-sı məhz bu universitetin məzunudur.

1. Massachusetts Institute of Technology (MIT)

Universitetin əsası 1861-ci ildə qoyulub, yəni ingilis universitetləri qədər qədim ənənələrə malik deyil. Ancaq yaradıldığı gündən etibarən elm və texnologiyaya töhvə vermək missiyasına sadiq qalan təhsil olacağı hazırda QS reytinqinə əsasən dünyanın ən yaxşı ali məktəbidir. Universitet məzunları indiyə qədər təqribən 30000 aktiv şirkət qurmuş, 4,6 milyon iş yeri yaratmışdır və hazırda buradan $1,9 milyard illik gəlir əldə edirlər.

Qeyd edək ki, ümumilikdə 1300 universitetin yer aldığı top universitetlər siyahısına tam şəkildə baxmaq üçün QS Top Universities rəsmi saytına keçid edə bilərsiniz.

Share this Article