Azərbaycanda da uzun müddətdir ki, tədris olunan və tələbələr arasında xüsusi populyarlığa sahib olan MBA proqramlarıı artıq bir çox universitetlərdə tədris olunur. Belə ki, tələbələr UNEC, BANM, ADA, ADNSU, Xəzər Universiteti və digər yerli universitetlərimizdə by yolla təhsil ala bilirlər. Bəs ümumiyyətlə, MBA təhsili dedikdə nə başa düşülür?
MBA nədir?
MBA (Master of Business Administration) – bu adla bütün dünyada tanınan, tələbələrin biznes və menecment sahələrində bacarıqlarını inkişaf etdirmələri üçün təşkil edilən magistr dərəcəsi proqramıdır. Proqramın adının sırf biznes yönümlü olması sizi çaşdırmasın. Bu cür proqramlardan məzun olaraq siz həm də dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlarda idarəçilik vəzifələrində yüksəlmə potensialınızı, şanslarınızı yüksəldə bilərsiniz.
Bütün dünyada tədris olunan MBA proqramlarının spesifik cəhəti ondan ibarətdir ki, bu proqramların əksər hallarda xüsusi ixtisaslaşma sahələri də olur. Məsələn, mühasibat yönümlü MBA proqramları, marketinq yönümlü MBA proqramları, maliyyə yönümlü MBA proqramları və s. Sözsüz ki, ixtisaslaşmanın yönündən asılı olaraq tədris olunan fənlər də dəyişir, lakin ümumi olaraq biznesin idarə olunması, liderlik və s. kimi fənlərin keçirilməsi bu proqramların hər biri üçün səciyyəvidir.
MBA proqramlarına qəbul
Şübhəsizdir ki, hər hansı bir magistratura proqramına qəbulun çətinliyi universitetdən asılı olaraq xeyli dərəcədə dəyişə bilər. Lakin ümumilikdə qeyd etmək olar ki, bir çox hallarda MBA proqramlarında tədris almaq uğrunda rəqabətin səviyyəsi daha yüksək olur. Tələblər isə əsasən aşağıdakılar olur:
- Dil sertifikatı
- Yüksək ortalama bal
- 2 illik iş təcrübəsi
- GMAT balı (top universitetlər üçün əksər hallarda 800 üzərindən 700+ bal lazım olur)
Yəqin ki, sizin üçün burada ən qəribə gələn iş təcrübəsi məsələsi oldu. Etiraf etmək lazımdır ki, belə bir kriteriyanın qoyulması tələbələr üçün də faydalıdır. Səbəbini növbəti paraqrafda izah edəcəyəm.
MBA proqramlarının faydaları və üstünlükləri
MBA proqramlarına qəbulun çətin olması bir kənara, təhsil haqqı səviyyələrinin də digər proqramlara nisbətdə yüksək olması bu sahədəki məzunların öz diplomlarından olan gözləntilərini xeyli artırır. MBA proqramlarının mümkün faydalarına aşağıdakıları aid etmək olar:
- Daha yüksək maaş. ABŞ-da “U.S. News & World Report” tərəfindən aparılan araşdırmalara əsasən, MBA proqramı məzunları 2021-ci ildə digər məzunlara nisbətən 11,3% daha çox maaş alacaqlar.
- Netvörkinq və tanışlıqlar. MBA proqramlarına daxil olan bir çox insanlar iş həyatında öz sözünü demiş və ya gələcəkdə biznes dünyasında fərqini ortaya qoya biləcək potensialda olan fərdlərdir. Düşəcəyiniz mühit həm təhsil dövründəki şəxsi inkişafınıza, həm də gələcək karyeranızda sizə çox yardımçı olacaq tanışlıqlar əldə etməyinizə yardımçı ola bilər.
- “Yumşaq bacarıqlar”ın inkişafı. Bu bir həqiqətdir ki, biznes dünyasında yüksələ bilmək üçün ixtisas biliyi ilə yanaşı, ünsiyyət bacarıqları, vaxtın bölüşdürülməsi qabiliyyəti, liderlik bacarıqları və s. kimi xüsusiyyətlər də önəmlidir. MBA proqramları azsaylı tədris proqramlarındandır ki, tələbələrin özlərini bu yöndə inkişafına da xüsusi önəm yetirir.
- İxtisaslaşma seçimlərinin zənginliyi. Daha əvvəl də qeyd etdiyimiz kimi, əvvəlki ixtisasınızdan və ya gələcək planlarınızdan asılı olaraq bir çox növ MBA proqramlarında təhsil ala bilərsiniz. Buraya maliyyədən tutmuş, IT-yə (informasiya texnologiyaları) qədər bir çox ixtisaslaşma daxildir.
Praktiki təhsilə MBA proqramlarında çox önəm verildiyini nəzərə alaraq, tədrisin sizə daha faydalı olması üçün sevdiyiniz sektorda müəyyən qədər iş təcrübənizin olması vacibdir. Ancaq hətta iş təcrübəniz olsa belə, bəzən MBA proqramı üçün yatırdığınız vaxt və pul investisiyasından gözlədiyiniz nəticəni almaya da bilərsiniz. Bunun bir neçə səbəbi ola bilər. Məsələn:
- MBA dərəcələrinə heç də bütün ölkələrin işçi bazarında eyni dərəcədə əhəmiyyət verilmir;
- Hansı universitetin MBA proqramından məzun olmağınız böyük əhəmiyyət daşıyır;
- Şirkətlərdəki işəgötürənlər MBA diplomları barəsindəki düşüncələrində həmfikir deyillər;
- Çalışdığınız sektor və vəzifəniz MBA diplomunun potensial faydasını artıra və ya azalda bilər.
Xülasə, sizə ismarıcımız budur ki, MBA proqramlarına vaxt və maliyyə xərcləməzdən öncə işlədiyiniz və ya keçid etmək istədiyiniz sektoru yaxşı araşdırmağınız, insan resurları mütəxəssisləri və eyni zamanda keçmiş MBA məzunları ilə müzakirələr aparmağınız şiddətlə tövsiyə olunur. Unutmayın ki, xüsusilə də, gənc yaşlarınızda təhsil barəsində edəcəyiniz seçimlər sizin həyatınızda həlledici rol oynayır.