Xaricdə Təhsil: Magistratura Təhsili almaq üçün nə etmək lazımdır?

Rəsul Musayev
Rəsul Musayev
5 Min Read
xaricdə təhsil magistratura, xaricde tehsil magistratura
Xaricde Tehsil Magistratura - Xaricdə Magistratura Təhsili

Hər il 100-lərlə Azərbaycan gənci təhsilini ölkə xaricində davam etdirməyə haqq qazanır. Əlimizdə bu barədə rəsmi statistika olmasa da, müşahidələr gənclər arasında xaricdə master (magistratura) təhsilinin bakalavr ilə müqayisədə daha çox yayıldığını göstərir. Əsas səbəb aşkardır: təqaüd proqramları daha çox magistratura səviyyəsini hədəflədiyi üçün xaricdə təhsil magistratura oxumaq istəyən həmvətənlərimiz üçün daha cəzbedici görünür.

Beləliklə, əvvəlki məqaləmizdə ümumi məlumat verdiyimiz xaricdə təhsil mövzularını daha ətraflı gözdən keçiririk.

Diplom və ortalama balın xaricdə magistratura təhsili almaqda rolu

Yuxarıda qeyd etdiyimiz kimi, son dövrlər gənclərimiz arasında Azərbaycandan kənarda, xüsusilə də, Avropada təhsilə meyil və maraq xeyli artıb. Bu da, sözsüz ki, rəqabətin xeyli artmasına səbəb olur. Ancaq bu rəqabətin səviyyəsindən asılı olmayaraq əvvəlcədən məqsədyönlü şəkildə hazırlıq görən istənilən şəxs xaricdə magistratura təhsili arzularını reallaşdıra bilər. Bu cür məqsədyönlü hazırlığın əsas faktorlarından biri diplom və ortalama baldır.

Universitet diplomu və əldə etdiyiniz qiymətlərin transkripti sizin şəxsi bacarıqlarınız və akademik potensialınız barəsində çox söz deyir. Qeyd edək ki, Azərbaycandakı dövlət universitetlərinin və ya tanınmış özəl universitetlərin hansında təhsil aldığınız elə də həlledici məqam sayılmır. Bu səbəbdən də bakalavr təhsilinizi aldığınız təhsil müəssisəsinin qlobal imicinin və ya reytinqinin aşağı səviyyədə olmasının sizin əzminizi qırmasına qətiyyən şərait yaratmayın. Ancaq təhsil aldığınız müddətdə aldığınız qiymətlərin daim yüksək səviyyədə olması vacib amildir. “Yüksək qiymət” anlayışı barədə isə konkret bir tərif yoxdur. Bir çox xarici universitet qəbul və ya təqaüd müsabiqəsində iştirak etmək üçün 75+ ortalamanın kifayət etdiyini qeyd edir. Buna baxmayaraq, kəskin rəqabət şəraitini nəzərə alaraq, bakalavr təhsiliniz boyu aldığınız qiymətləri 80+, hətta 90+ səviyyəsində tutmağa cəhd göstərin.

Yüksək IELTS balının xaricdə təhsil almaq üçün əhəmiyyəti hansı dərəcədədir?

Dil imtahanları bir çoxunun qorxulu yuxusudur. Təəssüf ki, bir çox hallarda nə orta məktəbdə, nə də universitetdə tədris edilən ingilis dili proqramları tələbələri IELTS, TOEFL kimi dil imtahanlarına hazırlamır. Buna görə də, xaricdə təhsil magistratura xəyalları arxasıyca qaçan insanları ortalama 6 aylıq IELTS hazırlıqları sınağından keçirir.

Orta statistik azərbaycanlı gənc  bu imtahandan 6,5 bal toplayır. Bəs ətrafda 7,0 və hətta 8,0 bal toplayan insanların olduğunu nəzərə alıb, narahatlıq keçirməyə dəyərmi?

Əgər yolun başlanğıcındasınızsa, ən yüksək balları, heç olmasa 7,5-i hədəfləməyə çalışın. Hər bölmə (listening, reading, writing və speaking) üzrə minimum 6,0 hədəfiniz olsun. Bəzi hallarda universitetlər 6,0 bal toplayan hər kəsin qəbul ala biləcəyini deyir, bəzi hallarda isə hər bölmə üzrə minimum tələblər əlavə edir: (məsələn, writing minimum 6,0). Həmin tələblərin mövcudluğundan asılı olmayaraq, toplayacağınız IELTS və ya TOEFL balının yüksək olması sizin oxuduqlarınızı daha yaxşı qavrama və bildiklərinizi yazılı, yaxud şifahi şəkildə daha səlis formada çatdırma bacarıqlarınızı əks etdirir. Yüksək göstəricili dil sertifikatına sahib olmağın avantajı inkar edilə bilməz. Ancaq hər il DAAD, Visby  kimi yüksək rəqabət şəraitində təqdim edilən təqaüd proqramlarının qaliblərinə nəzər yetirsəniz, aralıranda 6,5 və hətta 6,0 IELTS balına sahib olanlarının olduğunu görərsiniz. Burdan çıxaracağımız nəticə odur ki, dil bacarıqları önəmlidir, lakin universitetlərə daha da maraqlı olan sizin akademik və professional bacarıqlarınızdır.

Əlavə faktorlar: xaricdə təhsil və magistratura şanslarınızı yüksəltməyin yolları

İstənilən yüksək səviyyəli universitetin tələbə qəbulunda təməl məqsədi akademik potensialı və liderlik qabiliyyəti olan insanları öz müəssisəsinə cəlb etməkdir. Bu cür bacarıqlarınızı sübut etmək üçün mümkün yolları qısa siyahı şəklində təqdim edirik:

  • Akademik imtahanlar (GMAT, GRE və s.)
  • Akademik məqalələr (mümkünsə, yüksək səviyyəli akademik jurnallarda dərc etdirmək)
  • Xaricdə mübadilə proqramlarında iştirak (Erasmus, Mevlana və s.)
  • İş təcrübəsi
  • Önəmli layihələrdə, xüsusilə də, lider mövqeyində iştirak
  • İxtisas üzrə sertifikatlar (ACCA, CFA və s.)
  • Könüllülük təcrübəsi

Sonda bir daha qeyd edək ki, istər hər hansı magistratura proqramında, istərsə də təqaüd proqramında müvəffəqiyyət əldə edə bilmək üçün kifayət qədər çox yollarınız var. Əsas məsələ isə bu yollardan bir neçəsini seçərək, öz ixtisas biliklərinizi və sosial bacarıqlarınızı ən yüksək səviyyədə sübut etməkdir.

Share this Article