Bu yazı Şamil Abbasov tərəfindən saytımıza təqdim edilmişdir:
-Qeyd etdiyim kimi yazı çox uzun olduğundan hissələrə bölərək paylaşmağa qərar verdim və sizin də fikirlərinizi nəzərə alıb 2 hissə olaraq paylaşacam. Bu, yazının 1-ci hissəsidir. Həm bu həm də 2-ci hissənin uzun olmasına baxmayaraq başdan sona heç bir bölümü keçmədən oxumanızı məsləhət görürəm, çünki təqaüd proqramlarına müraciət edəcək şəxslər üçün yazının hər bir hissəsində faydalı məlumatlar var.
Bir neçə təqaüd proqramlarında birbaşa və ya dolayı yolla təcrübəm olub heç bir xaricdə təhsil şirkətlərinə müraciət etmədən. Yazımın ilk, yəni bu hissəsi təhsil şirkəti və fərdi müraciət arasındakı fərqlər, təhsil şirkətlərinin alınan məbləğ qarşılığında gördüyü işlər, təqaüdlərə müraciət zamanı diqqət yetirilməsi gərəkən məqamlar, motivasiya məktubu, tövsiyə məktubu və digər bu kimi sənədlərin hazırlanma qaydası, həmin sənədlər seçim mərhələsində nə dərəcə vacib rol oynayır, bu kimi məsələlər barədə olacaq. İkinci hissədə isə Təhsil Nazirliyi və ya universitet müsahibələrində soruşulan suallar, Chinese Government Scholarship (Type A, Type B), Visby Programme Scholarship (İsveç), Visegrad Scholarship (Çexiya, Polşa, Macarıstan və Slovakiya) , Stipendium Hungaricum (Macarıstan), Latvian State Scholarship (Latviya) kimi təqaüd proqramlarına müraciətin başdan sona bütün prosesini hər bir detalına kimi izah edəcəm. Eyni zamanda təqaüd qazandığım, universitetdən qəbul aldığım motivasiya məktubunu, tövsiyə məktubunu, research planı sizlərlə paylaşacam. Çox uzatmadan başlayaq, onsuzda uzanacağı qədər uzanacaq bir azdan.
Təqaüd proqramlarına xaricdə təhsil şirkəti ilə müraciət etmək və fərdi müraciət etmək:
Bir çox tələbə düşünür ki təqaüd proqramlarına xaricdə təhsil şirkətləri vasitəsilə müraciət etmək onlara müraciət və seçim zamanı hər hansı bir üstünlük gətirəcək. İlk öncə bilin ki bu qətiyyən belə deyil. Məsələni bir bənzətmə ilə izah etməyə çalışacam sizə. Xaricdə təhsili “çörək” olaraq düşünün, hər halda qrupda əksərimizin məqsədi çörək almaq adıyla çıxmaqdır. Bu çörəyi siz iki yolla əldə edə bilərsiniz, birinci yol müxtəlif yerlərdə satılan hazır çörəyi almaqdır hansı ki daha asan və rahat yoldur. İkinci yol isə öz çörəyinizi özünüzün bişirməyidir (buna da ev çörəyi deyək), hansı ki bir qədər əziyyət tələb edir. Sizi bilmirəm amma mən heç vaxt satın alınma çörəyi sevməmişəm, çünki ev çörəyinin dadını verə bilmir. Bu paylaşımda mən sizə ev çörəyi necə bişirilir onu öyrətməyə çalışacam, mağazadan pul verib satın almaq qədər asan olmayacaq bu iş, ancaq dediyim kimi həm dadı daha yaxşı olacaq həm də büdcənizə qənaət etmiş olacaqsınız. Ev çörəyinin reseptinə və hazırlanma qaydasına keçməzdən əvvəl gəlin görək satınalma çörəyi necə bişirirlər.
Öncədən onu deyim ki, xaricdə təhsil şirkətləri ilə bağlı yazacaqlarımda məqsədim onları pisləmək, bu yazını oxuyanlarda “xaricdə təhsil şirkətləri vasitəsi ilə müraciət etməyin” fikri formalaşdırmaq deyil və yazacaqlarımı bütün xaricdə təhsil şirkətlərinə aid etmək olmaz. Ölkəmizdə işini peşəkar şəkildə görən və hər il bir çox tələbənin təqaüd qazanmasında köməklik edən xaricdə təhsil şirkətləri də var. Və çox xahiş edirəm hər hasnı bir təhsil şirkəti nümayəndələri gəlib burda yazdıqlarıma görə mənlə mübahisə etməyə çalışmasın.
Xüsusi ilə də son illərdə xaricdə təhsil ölkəmizdə bir trend halını alıb. Belə ki xaricdə təhsil ala biləcək səviyyədə savadı olan olmayan, o təhsili nə üçün almaq istədiyini bilən bilməyən, gələcək məqsəd və planlarının nə olduğunu bilən bilməyən, “xaric” deyəndə ağlına amerikan serial və filmlərindəki rahat və əyləncəli yaşam, Avropanın müxtəlif yerlərindən paylaşılan rəngarəng və effektlənmiş şəkillər gələn, “orda qızlar özü yaxınlaşır”, “ordakılar azərbaycanlı oğlanlardan ötrü ölürlər” düşüncəsində olan, xaricdə təhsil deyəndə düşüncəsi “orda dərsə istədiyin vaxt gedirsən istədiyin vaxt getmirsən” və “orda istədiyin vaxt dərsin ortasında durub çölə çıxa bilərsən”dən o tərəfə keçməyən, bir sözlə hamı xaricdə təhsil xəyalına düşdü. Vəziyyətin belə olduğunu görən və biraz ingilis dili biliyi olub xarici universitetlərə mail yazmağı bacaran bir çox fırsatcılar özlərinə xaricdə təhsil şirkəti açdılar və özlərini də xaricdə təhsil eksperti hesab etməyə başladılar. Nəticə olaraq ortalık təhsil şirkətlərindən geçilmiyo. Ona görə də əgər xaricdə təhsil şirkəti vasitəsi ilə müraciət etmək fikriniz varsa seçim edərkən çox diqqətli olun.
Əvvəlcə müraciət etmək istədiyiniz təhsil şirkətini yaxşı-yaxşı araşdırın. Maraqlanın görün ümumiyyətlə şirkət nə vaxt yaranıb və neçə ildir bu işlə məşğuldurlar, bu günə kimi hansı təqaüd proqramlarında uğurlu nəticələri olub (hansısa xarici universitetdən qəbul almaq yox, qəbulu hamı ala bilər amma təqaüdü hamı qazana bilmir), ətrafınızdan, dost-tanışınızdan, həmin şirkətlə bağlı əvvəllər təcrübəsi olanlardan məlumat toplamağa çalışın. Əgər qərarınızı verdinizsə ödənişi etməzdən əvvəl həmin ödəniş qarşılığında sizə hansı xidmətləri təklif etdiklərini dəqiqliklə maraqlanın və qarşılıqlı yazılı müqavilə imzalamadan hər hansı bir ödəniş etməyin. Bir daha təkrar edirəm, ödəyəcəyiniz məbləğ qarşılığında sizə nə vəd edildiyini dəqiqliklə öyrənin çünki xarici universitetdən qəbulu demək olar ki bütün xaricdə təhsil şirkəti ala bilər sizin üçün (təbii ki tələblərə cavab versəniz) amma təqaüd məsələsində hər xaricdə təhsil şirkəti uğur qazana bilmir.
Xaricdə təhsil şirkətləri müştəri xətrinə özlərini hər cür reklam edirlər. Ona görə də oktyabr, noyabr aylarından etibarən sosial şəbəkələrdə əsas səhifənizdə adlarının əvvəl və ya axırında “study”, “go”, “abroad”, “global”, “xaric”, “təhsil” kimi sözlərin olduğu təhsil şirkətlərinin ödənişli (sponsorlu) reklamlarını görməyə hazır olun. Bəzən heç Azərbaycandan tələbələrin müraciət edə bilməyəcəyi, müraciət etsə belə seçilmə şansının 5% olacağı proqramları belə paylaşırlar, diqqətli olun və paylaşılan proqram, ölkə və ya universiteti ilk öncə özünüz bir araşdırın. Hətta iş o həddə çatıb ki, vinerlər belə təhsil şirkəti reklam etməyə başlayıblar. Eləmiyin də belə, gedin vaynınızı çəkin, çay evinizi, pal-paltarınızı reklam edin, nə bilim rep deyin Youtube trendinə düşün amma təhsilə girişməyin. Bilirəm bu şirkətlərlə bağlı məsələni çox uzatdım amma bunu demədən keçə bilməyəcəm. Təxminən 5-6 ay bundan əvvəl xaricdə təhsil şirkətlərindən biri “NORVEÇDƏ PULSUZ TƏHSİL ARTIQ XƏYAL DEYİL” başlığı altında post paylaşıb facebookda sponsorlu reklama qoymuşdu. Orda “PULSUZ” sözünü görən, xəyallarımın ölkəsi Norveç deyə düşünən fakir ama masum tələbələr də dayanmadan “+” atırlar rəylərdə və o möhtəşəm “Ətraflı məlumat sizə mesaj olaraq göndərildi” cavabı gəlir bir-bir rəylərin hamısına. Paylaşımın davamında tələblər bölməsi var: 85+ GPA, 6.5+ IELTS, Diplom və ya universitetdən arayış, Motivation Letter, Recommendation Letter. Bir nəfər də yazmır ki bəs Norveçdə pulsuz təhsil onsuzda xəyal deyildi, çünki Norveçdə təhsil həm yerli həm də beynəlxalq tələbələr üçün pulsuzdur. Və əgər tələbənin 85+ GPA və 6.5 IELTS-i varsa onsuzda özü fərdi şəkildə müraciət edib qəbul ala bilər. Burda əsas məsələ Norveçdə yaşamaq üçün tələbənin xərcləri qarşılya bilib, qarşılaya bilməyəcəyidir. Çünki Norveç həm Avropanın həm də dünyanın ən bahalı ölkələrindən biridir. Əgər tələbənin aylıq yaşam xərclərini qarşılaya biləcək maddi imkanı varsa, buyursun elə özü fərdi şəkildə müraciət etsin. Bunları deməkdə məqsədim odur ki paylaşılan reklamın kontentini tam oxuyun və o “+”u atmazdan öncə kiçik bir araşdırma edin həmin proqram, ölkə və ya universitet barədə. Bəlkə heç sizin üçün uyğun bir ölkə, təqaüd və ya universitet deyil və ya uyğundur və özünüzün rahatlıqla müraciət edib öhdəsindən gələ biləcəyiniz bir şeydir. Onu da deyim ki təhsil şirkətlərinin bəziləri sizə birbaşa xidmət haqqının məbləğini deməyəcəklər, ilk öncə sizə hər kəsə göndərilən şablon bir mesaj göndərəcəklər, xidmət haqqı barədə soruşanda aşağıdakı nömrələrlə əlaqə saxlayın deyəcəklər, əlaqə saxladıqda isə “məllim zəhmət olmasa ofisimizə yaxınlaşın ətraflı danışaq” deyəcəklər, ofisə yaxınlaşdıqda isə sizə elə bir məbləğ deyəcəklər ki ürəyinizdə söyə-söyə bunu vaxtında deyin bu qədər yolu gəlməyəkda deyəcəksiniz.
Bayaqdan xaricdə təhsil şirkətləri haqqında bu qədər şey dedim amma əsas məsələ olan çörəyi necə bişirdikləri (gördükləri iş) haqqında heç bir şey demədim. Gördükləri iş 3 aşağı 5 yukarı aşağıdakılardır:
-Sizin əvəzinizə motivasiya məktubu (motivation letter) yazırlar (özünüz yazmayıb ödənişlə kiməsə yazdırsanız 50-150 manat xərci var)
-Sizin əvəzinizə tövsiyə məktubu (recommendation letter) yazırlar (özünüz yazmayıb ödənişlə kiməsə yazdırsanız 30-100 manat xərci var)
-Sizin diplom və ya universitetdə təhsil aldığınızla bağlı arayışı tərcümə və notarius təsdiqi etdirirlər (15-20 manat xərci var)
-Sizin transkriptinizi (diplom əlavəsi) tərcümə və notarius təsdiqi etdirirlər (20-30 manat xərci var)
-Sizin üçün CV hazırlayırlar (Europass CV üçün 10-15 dəqiqə vaxt sərf olunur)
-Bütün bu və digər lazımı sənədləri (IELTS, digər sertifikatlarınız, ümumvətəndaş pasportu, sağlamlıq arayışı və s.) scan edib pdf fayla çevirirlər (kserokopiya mərkəzlərində 1 vərəq üçün scan qiyməti 10-20 qəpikdir)
-Sizin adınıza yeni bir mail ünvanı yaradırlar (2-3 dəqiqə vaxt sərf olunur, bəziləri bunu etmir sizin şəxsi mail ünvanınızdan istifadə edirlər)
-Müraciət olunacaq təqaüd proqramının (eyni zamanda universitetdən qəbul zamanı universitetin) online application sistemində sizin adınıza qeydiyyatdan keçib lazımı məlumatları yazırlar (bu online sistem yox sadə application form da ola bilər) (15-30 dəqiqə vaxt sərf olunur)
-Pdf formata çevrilmiş lazımı sənədləri online sistemə yükləyirlər (online sistem yoxdursa göstərilən mail ünvanına göndərilir) (5-10 dəqiqə sərf olunur)
-Ehtiyac olarsa müraciət olunan universitetlə danışıqlar aparırlar sizin adınıza
-Bəzi hallarda sizi müsahibə üçün hazırlayırlar (hazırlamaq dediyim də şablon suallara şablon cavablar əzbərlətmək)
-Əgər seçilsəniz sonda viza dəstəyi (bunu hamısı etmir bəziləri edir)
-Digər əlavələr ola bilər (olmadı)
Bu qədər. Minimum qiyməti 1000 manat olan çörək hazırdır. Nuş olsun. Amma bu çörəyi yemək sizə qismət olmaya da bilər, bu halda pulunu siz verəcəksiniz, iyini falan hiss edəcəksiniz amma çörəyi başqası yeyəcək. Çünki heç bir xaricdə təhsil şirkəti sizə tam təqaüd qazanmaqla bağlı qarantiya verə bilməz (İtaliya və bəzi universitetlərin təklif etdiyi daxili təqaüdləri çıxmaq şərti ilə). Hansı şirkət ki sizə deyir ki təqaüd qazanacağına 100% qarantiya veririk, elə ilk olaraq o şirkətdən uzaq durun. Çünki təqaüd üçün tələbəyə ayrılacaq məbləği həmin şirkət aparıb sayıb ora qoymayıb ki qarantisini də o versin. Təqaüdü sizə verəcək dövlət, nazirlik, təşkilat, qurum və s. hansıdırsa seçim zamanı söz sahibi olan tərəf də odur, nə siz, nə də xaricdə təhsil şirkəti yox. Bir daha təkrar edirəm bura İtaliya təqaüdü, müxtəlif ölkələrdən universitetlərin təklif etdiyi daxili təqaüdləri (xüsusilə də Polşa) və digər tam olmayan (partial) təqaüdlər aid deyil.
Satınalma çörəkdən və o çörəyi bişirib satanlardan xeyli danışdıq, indi isə keçək əsas məsələyə, görək ev çörəyi necə hazırlanır. Lazım olacaq təməl inqrediyentlər aşağıdakılardır:
-Müəyyən qədər büdcə (müraciət edəcəyiniz proqrama görə dəyişir)
-Ümumvətəndaş pasportu (xarici pasport)
-Diplom (master və PhD namizədlər üçün) (təhsilin son ilində olanlar üçün arayış)
-Orta təhsili bitirmə haqqında sənəd (attestat) (bakalavr namizədlər üçün)
-Transkript (diplom əlavəsi)
-Motivasiya məktubu (motivation letter) (study plan/statement of purpose/research proposal)
-Tövsiyə məktubu (recommendation letter)
– Xarici dil sertifikatı (IELTS/TOEFL) (Təhsiliniz ingilis dilində olubsa bəzi hallarda sertifikata ehtiyac olmaya bilər)
-Müraciət edəcəyiniz təqaüd proqramından, ölkədən və universitetdən asılı olaraq bu siyahıya əlavələr ola bilər.
Təqaüd proqramları haqqında ayrı-ayrılıqda detallı məlumatlara keçməzdən əvvəl ümumən xaricdə təhsil qərarını vermədən öncə hansı məqamlara diqqət yetirməli və hansı detalları göz önündə bulundurmalı, biraz bu barədə deyim.
İlk öncə özünüzə “mən buna hazırammı ?” sualını verin. Bayaq da qeyd etdiyim kimi xaricdə təhsil (təqaüdlə və ya təqaüdsüz) bir trend halını alıb ölkədə və bir çox gənc bu qərarı sırf “qonşudan geri qalmayım”, “hamı gedir mən də gedim” prinsipləri ilə verir. Alacaqları təhsilin onlara nə verəcəyini, təhsili bitirdikdən sonra nə edəcəklərini, niyə məhz həmin ölkəyə getdiklərini, orada təhsil ala biləcək kapasitedə olub olmadıqlarını və digər bu kimi məsələləri düşünmədən verirlər qərarı. Qeyd edim ki xaricdə təhsil və yaşam heç də hər zaman o film və seriallardan gördüyünüz qədər rahat və əyləncəli olmur. Bəzi təqaüdlər var ki bütün xərcləri qarşılamır, bu halda bir çox tələbə getdiyim ölkədə işləyib xərcləri qarşılayaram deyə düşünür. Çox gözəl, amma iş tapmaq hər zaman düşünüldüyü qədər rahat olmur, ya gərək yaşadığınız ölkənin yerli dilini biləsiniz, ya orda işləyən tanışınız ola ki sizə də bu barədə kömək edə, ya da gərək gedəcəyiniz ölkə elə bir yer olsun ki orda sizə və sizin biliklərinizə tələbat olsun. Bunlar olmadan iş tapmaq mümkünsüzdür demirəm, amma inanın ki düşündüyünüz qədər asan da deyil. Ona görə də bəzi hallarda hayallerle o hayalin davamında gələn hayatlar uyuşmur. Əgər bütün bunları düşünüb qərarınızı qətiləşdirmisinizsə növbəti etap ölkə və təqaüd proqramı seçimi olacaq. Bu seçimləri edən zaman isə özünüzə “o ölkə və təhsil mənə nə vəd edir ?”, “mən həmin təqaüd proqramına seçilməyə layiq namizədəmmi ?”, “niyə məni seçsinlər ?” suallarını verin. Əgər bu suallara da cavablarınız müsbətdirsə o zaman artıq işə başlamaq olar.
Təqaüdlərə müraciət zamanı sizə mütləq ki lazım olacaq sənədlərdən, vacibliyindən və onların hazırlanma qaydasından danışım biraz.
1. Bakalavr üçün müraciət edənlərdə attestatın, master və PhD. üçün müraciət edənlərdə diplomun ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti. Bu sənəd sizə hansı təqaüd proqramına müraciət etməyinizdən asılı olmayaraq mütləq ki lazım olacaq. Ona görə ilk işlərinizdən biri bunu tərcümə və təsdiq etdirmək olsun. Asan Xidmətdə həm tərcümə, həm də təsdiq etdirə bilərsiniz. Bakalavr təhsilinin sonuncu ilində olub master üçün müraciət etmək istəyənlərdə sual yarana bilər ki bəs bizdə diplom yoxdur, biz nə ilə müraciət edək ? Bu halda diplom əvəzinə universitetdən arayış alıb həmin arayışla müraciət etmək mümkündür. Bu məqamda bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. Azərbaycanda bir çox universitetlərdə verilən bu arayış rəsmi universitet sənədindən daha çox həkim reseptinə oxşayır. Verilən arayışda universitetin loqosunun, ünvanının, web saytının, telefon nömrəsinin, mail ünvanının və s. kimi vacib elementlərin olmaması bir yana, heç olmasa o arayış bütöv bir A4 kağızında olsa daha yaxşı görünər. İnanın ki bəzi universitetlər var kağız israfı olmasın deyə A4 kağızı kəsib sadəcə yazılar olan hissəni verirlər tələbəyə, bu halda da dediyim kimi o kağız parçası rəsmi universitet sənədindən daha çox həkim reseptinə oxşayır. Unutmayın ki siz hər hansı bir təqaüd və ya universitetə müraciət edən zaman digər namizədlərlə rəqabətə girirsiniz, bu rəqabətdə üstün tərəf olmaq istəyirsinizsə sənədləriniz maksimum dərəcədə səliqəli və gözəbatan olmalıdır. Dünya təcrübəsində sadəcə ağ kağızda yazıların olduğu rəsmi universitet sənədi az hallarda olur, olsa belə yaxşı görünmür və onu da bilin ki sizlə birlikdə o təqaüdə digər ölkələrdən, digər universitetlərdən müraciət edənlər də olur, digər namizədlərlə müqayisədə sizin sənədinizin bu cür sönük görünməsi artıq sizə bir mənfidir. Ona görə çalışın universitetdən belə bir arayış alanda xarici universitetlərə sənəd verdiyinizi bildirin və xahiş edərək vəziyyəti izah etməyə çalışın ki orda heç olmasa universitetin loqosu, ünvanı falan olsun, çətin bir şey deyil onu əlavə etmək. Əgər onlar edə bilmirlərsə siz özünüz edin aparın və göstərin ki mən özüm etmişəm siz əziyyət çəkməyin, sadəcə möhür vurub təsdiq edin. Özünüz də edə bilmirsinizsə mənə yazın mən köməklik edərəm, hazır nümunələr var məndə.
2. Transkriptin (diplom əlavəsinin) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti. Bu sənədin vacibliyi də diplom qədərdir, ona görə diplomla birlikdə bu sənədi də tərcümə və təsdiq etdirin. Aldığınız təhsil boyu akademik göstəricilərinizi müəyyən bal sistemi üzərindən (100 ballıq sistem, 5 ballıq sistem, 4 ballıq sistem ) göstərən sənəddir. Azərbaycanda bu göstərici Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜMOG), beynəlxalq aləmdə isə Grade Point Average (GPA) adlanır. Bir çox təqaüd proqramlarında seçim zamanı çox vacib rol oynayacaq sizin bal ortalamanız. Göstəriciniz nə qədər yüksək olsa o qədər yaxşıdır və bu göstərici seçim zamanı şansınızı artırır. Bu məqamda da bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. Bir çox tələbə düşünür ki yüksək bal ortalaması (90+) təqaüdü qarantiləyir və seçim zamanı onu digər tələbələrdən çox-çox üstün tutur. Bu belə deyil. Əlbəttə ki bal ortalamanızın yüksək olması üstünlükdür, amma təqaüdü həmişə daha yüksək bal ortalaması olan tələbə qazanacaq deyə bir şey yoxdur. Təcrübədə eyni proqrama müraciət edən və bal ortalaması digərindən az olan tələbənin təqaüdü qazanması, yüksək olanın isə qazana bilməməsi halı dəfələrlə olub. Bu birbaşa müraciət etdiyiniz təqaüddən, universitetdən və onların seçim zamanı hansı kriteriyaları əsas götürdüklərindən asılı olan bir məsələdir. Məsələn bəzi universitetlər var ki onlara sizin müraciət etdiyiniz sahədə iş təcrübənizin olması daha vacibdir nəinki bal ortalamanızın yüksək olması. Qısacası, bal ortalaması seçim zamanı sizin haqqınızda çox şey deyir, amma hər şeyi demir.
3. Motivasiya məktubu. Təqaüd proqramlarına və universitetlərə seçim zamanı çox vacib rol oynayan sənədlərdən biri. Nəyə görə vacib rol oynayır ? Çünki bu sənəd bir növ sizin vəkiliniz olur, sizin əvəzinizə seçim mərhələsində müraciət etdiyiniz proqram və ya universitetlə danışır, sizi digər namizədlərlə rəqabətdə müdafiə edir və nəyə görə qalib gələn tərəfin onların yox, məhz sizin olmalı olduğunuzu izah edir. Bu qədər vacib rol oynayırsa onda yaxşı motivasiya məktubu necə yazılmalıdır ? Əslində bu sualın cavabı müraciət edilən təqaüd proqramına görə dəyişir, çünki bir proqram üçün yaxşı hesab edilə biləcək motivasiya məktubu digəri üçün o qədər də uğurlu olmaya bilər. Amma ümumən motivasiya məktubu yazan zaman diqqət yetirməli olduğunuz vacib məqamlar var ki, indi onları qeyd edəcəm. Bir çox tələbə düşünür ki burda ən vacib məqam özü, təhsili, indiyə qədər əldə etdiyi nailiyyətləri, sosial aktivliyi barədə məlumat verməkdir. Düzdür bunlar da vacib məqamlardır və mütləq şəkildə qeyd olunmalıdır, amma yazınız zamanı sırf bu kimi şeylərin üzərində çox durmayın. Daha çox müraciət etdiyiniz ixtisası ön plana verib nəyə görə o ixtisasa müraciət etdiyinizi, nəyə görə həmin ölkəni və universiteti seçdiyinizi, təhsiliniz boyu hansı sahə və ya mövzular üzərinə research aparacağınızı, nəyə görə həmin sahənin sizin üçün, ölkəniz üçün və ya ümumilikdə dünya üçün vacib olduğunu, təhsili bitirdikdən sonra o təhsilin sizə nələr qazandıracağını, həmin təhsillə əlaqəli gələcək karyera planlarınızı və digər bu kimi məqamları qeyd edin. Məsləhətim odur ki öz motivasiya məktubunuzu özünüz yazasınız, çünki sizin bugünə kimi qazandığınız uğur və nailiyyətləri, sizin hədəflərinizi, sizin gələcək məqsəd və planlarınızı, bir sözlə sizi sizdən yaxşı heç kim tanıya bilməz ona görə də yaxşı olar ki özünüz yazasınız. Yox əgər düşünürsünüzsə ki məni məndən yaxşı tanıyan yoxdur olmağına, amma mən özüm özümü ifadə edə bilmirəm və ya buna vaxtım yoxdur. Bu halda başqasına yazdıra bilərsiniz amma o şərtlə ki yazdıracağınız şəxsə az öncə dediyim məqamları mütləq şəkildə bildirin heç olmasa öz dilimizdə. Sizinlə Polşanın “Lodz University”-dən “Economics” ixtisası üzrə (master) aldığım qəbul zamanı istifadə etdiyim motivasiya məktubunu paylaşacam. Əldə etmək üçün postun sonunda yerləşdirəcəyim linkə daxil ola bilərsiniz. Demirəm həmin məktub mükəmməl yazılıb, amma oxuyan zaman sizdə necə yazılmalı olduğuyla bağlı az çox fikir formalaşdıracaq deyə düşünürəm.
4. Tövsiyə məktubu. Sizə başqası tərəfindən yazılıb və yazan tərəfindən imzalanıb verilməli olan sənəd. Burda əsas rol oynayan məsələ əvvəlki cümlədə sözü gedən “başqasını” düzgün seçməkdir. Bu şəxs sizə universitetdə dərs deyən müəllim ola bilər, kafedra müdiriniz ola bilər, dekanınız ola bilər, əgər iş yerindən alacaqsınızsa işlədiyiniz yerdə sizdən daha üstün vəzifədə və sizin işinizlə əlaqəsi olan biri ola bilər. Əgər universitetdən biri olacaqsa çalışın elmi dərəcəsi (professor) və ya vəzifəsi yüksək biri olsun (dekan). Və çalışın həmin şəxsin sahəsi siz müraciət etdiyiniz ixtisas sahəsinə uyğun olsun. Yəni deyək ki müraciət edəcəyiniz ixtisas “Intenational Bussines” ixtisasıdır, bu halda tövsiyə məktubunu da sizə bu sahəyə uyğun dərs demiş birinə yazdırın yoxsa gedib “Mülki Müdafiə” dərsi demiş birinə yazdırmayın sırf o dərsdən göstəriciniz və ya müəllimlə münasibətiniz yaxşı olub deyə. Əslində bayaqdan yazdırmayın falan deyirəm, amma əskər hallarda tələbə elə özü yazır bu məktubu da və adı keçən şəxsə imzaladır. Yəni özünüz də yaza bilərsiniz, şərt deyil ki tövsiyə məktubunu verən şəxs yazsın amma onun imzasının (bəzi hallarda imzayla birlikdə möhürün) olması şərtdir. Bir qədər əvvəl universitetdən verilən arayışla bağlı dediyim məsələ bu sənədə də aiddir. Çalışın bu sənəd də sadəcə ağ vərəqdə yazılardan ibarət olmasın. Universitetin loqosu (iş yerindən alınırsa iş yerinin loqosu) və əlaqə məlumatları da olsun sənəddə. Biraz da bu məktubun məzmunu haqqında danışım. Məzmunu eqonuzu şişirdəcək sözlərdən ibarət olmalıdır. Yazan şəxs cümlələrdə sizi yerə-göyə sığdırmamalıdır. Sizin nə qədər çalışqan, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirən, hər zaman digərlərindən seçilən, digərlərinə kömək edən, lazım gəlsə liderlik bacarığı göstərə bilən (bilirəm çox hallarda gəlmir lazım amma siz yenə də yazın) biri olduğunuzu qeyd etməlidir. Yeri gəlsə yalan üzərinə yalan danışmalıdır təki sizi o məktubda üstün zəkalı və mələk cildində biri kimi qələmə verə bilsin. Və bunları da misallar üzərindən izah etsin. Məsələn deyək ki orda yazılıb ki bu tələbə çox çalışqan biri olub mən dərs dediyim müddətdə, bu halda yaxşı olar ki nə kimi çalışqanlığını gördüyünü izah etsin. Eyni zamanda həmin təqaüdün, təhsilin tələbə üçün vacibliyi, tələbənin təhsildən sonra həmin sahədə nə kimi uğurlar əldə edə biləcəyi, gələcək karyerasına necə təsir edə biləcəyi ilə bağlı məlumatlar da qeyd olunsa yaxşı olar. Sizinlə qazandığım Chinese Government Scholarship-ə müraciət zamanı istifadə etdiyim tövsiyə məktubunu paylaşacam, ona baxsanız necə yazılmalı olduğuyla bağlı təsəvvür formalaşacaq sizdə. Əldə etmək üçün postun sonunda yerləşdirəcəyim linkə daxil ola bilərsiniz.
5. Dil sertifikatı (IELTS, TOEFL). Əgər xaricdə alacağınız təhsil ingilis dilində olacaqsa bu zaman bir çox hallarda sizdən beynəlxalq səviyyədə tanınan dil sertifikatı tələbə olunacaq. IELTS və TOEFL bunlardan ən yayğın olanlarıdır. Təxminən bir il öncə bu qrupda kursa və ya müəllim yanına getmədən IELTS imtahanına hazırlıqla bağlı post paylaşmışdım, həmin postu oxumaq istəyənlər bu linkə daxil ola bilər (https://bit.ly/2P9HCHR). Əgər əvvəlki təhsiliniz ingilis dilində olubsa bu halda sizdən dil sertifikatı tələbə olunmaya bilər, ancaq bu bütün təqaüdlər və universitetlər üçün keçərli olan bir şey deyil. Bu məsələni müraciət olunacaq təqaüd və ya universitetin rəsmi saytından dəqiq maraqlanmaq lazımdır. Bir çox tələbə düşünür ki IELTS balının yüksək olması təqaüd qazanılması üçün çox böyük rol oynayır. Əlbəttə ki balınızın yüksək olması sizin üçün üstünlükdür amma IELTS balı seçim zamanı həlledici rol oynamır. Bu sertifikat sadəcə sizin dil biliyinizin nə səviyyədə olduğunu göstərir (onu da tam düzgün göstərə bilmir zaten), yoxsa nə sizin ixtisasa nə dərəcə hakim olduğunuzu göstərmir, nə ixtisasınızla əlaqəli nə kimi təcrübələrinizin olduğunu nə də sosial aktivliyinizi. Tələb olunan minimal balın (bir çox hallarda 6.5) olması təqaüd qazanmanız üçün kifayət edə bilər. GPA-də olduğu kimi burda da eyni proqrama müraciət edən və IELTS balı digərindən az olan tələbənin təqaüdü qazanması, yüksək olanın isə qazana bilməməsi halı dəfələrlə yaşanıb.
6. Digər sertifikatlar. Bura ixtisasla əlaqəli sertifikatlar (GMAT, GRE, SAT və s.), beynəlxalq olimpiada sertifikatları, sosial aktivliyinizi göstərən sertifikatlar (könüllülük sertifikatları, ixtisasla əlaqəli treyninq və ya seminarlardan verilən sertifikatlar, yay məktəbi sertifikatları və s.), iş təcrübəsi sertifikatları (və ya əmək kitabçası) və digər bu kimi sertifikatlar daxildir. Bu sertifikatlar əksər hallarda olmazsa olmaz rolu oynamır, yəni omasa belə təqaüdə və ya universitetə müraciət edə bilərsiniz, amma olması üstünlükdür. Ancaq bəzi hallarda ixtisasla əlaqəli sertifikatlar (GMAT, GRE, SAT və s.) və iş təcrübəsini göstərən sənəd olmazsa olmaz rolu oynayır çünki bəzi təqaüd və ya universitetlər var ki müraciət zamanı bu sənədləri mütləq tələb edir.
7. Müracit edəcəyiniz ölkə, təqaüd proqramı və universitetdən asılı olaraq digər sənədlər (məs. sağlamlıq haqqında arayış)
Yazının ilk hissəsini burda yekunlaşdırıram, postun əvvəlində də qeyd etdiyim kimi ikinci hissədə adını çəkdiyim təqaüd proqramlarına müraciətlə bağlı ətraflı məlumatlar olacaq.
Motivasiya və tövsiyə məktubunu yükləmək üçün link: https://bit.ly/326UCQ5
YAZININ İKİNCİ HİSSƏSİNİ BURADAN OXUYA BİLƏRSİNİZ:
Xaricdə Təhsil Almaq İstəyənlər üçün Təlimat – İkinci Hissə