Xaricdə Təhsil Almaq İstəyənlər üçün Təlimat – İkinci Hissə

xaricdetehsil.net
xaricdetehsil.net
44 Min Read
xaricde-tehsil-almaq

Bu yazı Şamil Abbasov tərəfindən saytımıza təqdim edilmişdir:

İkinci hissə.

xaricde-tehsil-telimat-2

Yazının bu hissəsində Chinese Government Scholarship (Type A, Type B), Visby Programme Scholarship (İsveç), Visegrad Scholarship (Çexiya, Polşa, Macarıstan və Slovakiya) , Stipendium Hungaricum (Macarıstan), Latvian State Scholarship (Latviya) kimi təqaüd proqramlarına müraciətlə bağlı ətraflı məlumatlar verəcəm. Eyni zamanda Təhsil Nazirliyi və bəzi universitet müsahibələrində soruşulan suallarla bağlı məlumatlar da olacaq. Məsləhətim yazının heç bir bölümünü keçmədən tam oxumağınızdır.

Chinese Government Scholarship (Type A and B) (Çin):

Haqqında çox geniş məlumatım olan təqaüd proqramı. Təqaüdün daxilində bir neçə qolu olsa da Azərbaycandan olan tələbələr əsasən 2 kateqoriya üzrə müraciət edə bilər. Type A və Type B. Mən hər iki kateqoriya üzrə müraciət etmişdim və həm A kateqoriyası üzrə təqaüdü qazandığım həm də B kateqoriyası üzrə universitetdən qəbul aldığım üçün hər ikisi barədə yetərincə məlumatım və təcrübəm var. A kateqoriyası üzrə qəbul və sənədləşmə Azərbaycanda Təhsil Nazirliyi xətti ilə olur, B kateqoriyasında isə tələbələr təqaüd üçün birbaşa universitetə fərdi şəkildə müraciət edir. Hər iki kateqoriyada son mərhələdə nazirlik (A) və müraciət olunan universitet (B) seçilmiş tələbələrin listini təqaüd verilməsi üçün China Scholarship Council (CSC)-a göndərir və yekun təsdiqi CSC verir.

Təqaüdə nələr daxildir ?

1. Təqaüd sizi təhsil alacağınız universitetdə təhsil haqqından azad edir
2. Universitet yataqxanasında ödənişsiz qalmaq imkanı
3. Bakalavrlar üçün aylıq 2500 yuan (360$), masterlər üçün aylıq 3000 yuan (432$), PhD.lər üçün aylıq 3500 yuan (504$) pul
4. Təhsil aldığınız müddətdə tibbi sığorta
5. Hər tədris ilində bir dəfə gediş-dönüş bileti (bu yalnız A kateqoriyası üzrə təqaüd qazananlara şamil olunur və xərc Azərbaycan Təhsil Nazirliyi tərəfindən qarşılanır, B kateqoriyası üzrə təqaüd qazananlar səyahət xərclərini özləri qarşılamalıdır)

İstər A, istərsə də B kateqoriyası üzrə müraciət etməzdən əvvəl görəcəyiniz ilk iş şəhər, universitet və ixtisas seçimi olsun. Bu işdə sizə CampusChina saytı (https://bit.ly/1a7ZI2W) kömək edəcək. Sayta daxil olduqdan sonra Universities & Programs bölümündən iki cür axtarış edə bilərsiniz. 1. Əyalətlər üzrə mövcud universitetlərin axtarışı 2. Təhsil almaq istədiyiniz dərəcəni, dili və ixtisası seçərək seçimlərə uyğun axtarış. Deyək hər hansı bir universitet və ixtisası seçdiniz, daha sonra mütləq və mütləq o universitetin rəsmi saytına daxil olub həmin ixtisasın orda olub olmaması məsələsini dəqiqləşdirin. Çünki Campuschina-da ixtisaslarla bağlı yerləşdirilən məlumatlar hər zaman düzgün olmur, ya orda ixtisasın ingilis dilində tədrisinin olduğu yazılmasına baxmayaraq universitetdə o ixtisas ingilis dilində tədris olunmaya bilər, ya universitet həmin il üçün o ixtisas üzrə təqaüd verməyə bilər, və ya ümumiyyətlə universitet həmin il üçün Chinese Government Scholarship-də iştirak etməyə bilər. Belə olan halda o ixtisas üzrə sizin həmin universitetə müraciət etməyiniz mənasız olacaq. Ona görə də mütləq universitetin rəsmi səhifəsindən təqaüddə iştirak edən ixtisaslar və ixtisaslara uyğun universitetin tələblərinə dəqiqliklə baxın görün uyğundurmu sizin üçün. Əgər universitet və ixtisas məsələsində hər şey qaydasındadırsa növbəti iş həmin universitetin sizin ixtisasınıza uyğun sahəsi olan professorlarına e-mail yazıb acceptance letter istəmək olsun. Əslində acceptance letter nə A, nə də B kateqoriyasına müraciət zamanı mütləq tələb olunan sənəd deyil (bəzi universitetlər mütləq tələb edir), onsuz da müraciət edə bilərsiniz, ancaq professordan acceptance letter-in olması şanslarınızı çox artıracaq. Professorlara mail yazan zaman mütləq öz CV-nizi və müraciət etdiyiniz ixtisasa uyğun research planınızı (və ya study plan) attach edin. Bir qədər sonra research plan və study plan necə yazılır bu barədə məlumat verəcəm.

Tələb olunan sənədlər:

1. Bakalavr üçün müraciət edənlərdə attestatın (bakalavrlar yalnız A kateqoriyası üzrə müraciət edə bilər), master və PhD. üçün müraciət edənlərdə diplomun ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.

2. Transkriptin (diplom əlavəsinin) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.

3. Study Plan (Research Plan). Əksər Avropa universitetlərindən fərqli olaraq Çin universitetləri motivation letter yox study plan və ya research plan istəyirlər. Əslində Çin üçün yazılmalı olan study plan da məzmun olaraq motivation letter kimi birşeydi. Burda da özünüz, təhsiliniz, indiyə qədər əldə etdiyiniz nailiyyətlər, sosial aktivliyiniz, varsa iş təcrübəniz haqqında məlumat vermək lazımdır və daha önəmlisi müraciət etdiyiniz ixtisası ön plana verib nəyə görə o ixtisasa müraciət etdiyinizi, təhsiliniz boyu hansı sahə və ya mövzular üzərinə research aparacağınızı, nəyə görə həmin sahənin sizin üçün, ölkəniz üçün və ya ümumilikdə dünya üçün vacib olduğunu, təhsili bitirdikdən sonra o təhsilin sizə nələr qazandıracağını və həmin təhsillə əlaqəli gələcək karyera planlarınızı və digər bu kimi məqamları qeyd etməyinizdir.

Study Planı əvəz edə biləcək, eyni zamanda sizə professordan qəbul məktubu almaqda kömək edəcək sənəd isə Research Plan-dır. Research Plan-da isə özünüzə müraciət edəcəyiniz ixtisasla əlaqəli bir mövzu seçirsiniz və həmin mövzuda aparacağınız araşdırmanın kontentini yazırsınız. Amma bu yazının müəyyən qaydası və ardıcıllığı var. Bu haqda yazsam çox-çox uzun olacaq, ona görə də sizlə B kateqoriyası üzrə müraciət etdiyim və qəbul aldığım Nanjing Agricultural University-də “Agricultural Economics” ixtisası üçün “Food Security in Azerbaijan” mövzusunda yazdığım research planı paylaşacam, ona baxsanız necə yazılmasıyla bağlı təsəvvür yaranacaq sizdə. Əldə etmək istəyənlər (https://bit.ly/2Hsmuqa) bu linkə daxil ola bilər.

4. 2 ədəd Tövsiyə məktubu. Xüsusi bir forması yoxdur. Standart qaydada yazılmış tövsiyə məktubundan istifadə edə bilərsiniz. Yazının ilk hissəsində nümunə paylaşmışdım.

5. Sağlamlıq haqqında arayış. Bu sənədin xüsusi forması var və mütləq o formada təqdim olunmalıdır. https://bit.ly/2HaZawD bu linkə daxil olaraq formanı yükləyə bilərsiniz. Azərbaycanda tələbələr bu sənədi tam hazır edənə kimi çox əziyyət çəkirlər. Səbəb isə bir çox poliklinikaların və ordakı həkimlərin ingilis dili biliyinin olmamasıdır. Əksər hallarda həkimlər “a bala burda nə yazılıb mən nə bilim, möhür vura bilmərəm mən bura” deyir və sənədə imza çəkib möhür vurmaqdan imtina edir. İmtina etmələrinə baxmayaraq siz yenə də tələb edin, çünki orda qeyri qanuni heç bir şey yoxdur, sadəcə sənəd başqa dildədir. Əgər yenə də alınmasa bu halda iki həll yolu ola bilər. 1. Our National Problem Solver: “orda işləyən tanış” işə keçir. Əgər poliklinikada işləyən tanışınız varsa ondan xahiş edin o sənəddə lazımı yerlərə möhür vurlmasıyla bağlı köməklik etsin sizə. 2. Biraz artıq xərc çəkib işi özəl xəstəxanaların birində həll edin.

6. Dil sertifikatı. Təqaüd proqramı sizə 2 dildə təhsil imkanı verir. 1. İngilis dili. Əgər təhsil alacağınız dil ingilis dili olacaqsa bu zaman IELTS (TOEFL) sertifikatına ehtiyacınız olacaq. Bir çox universitetlər minimum 6.5 IELTS istəyir amma 6.0 ilə qəbul edən universitetlər də var, bu məsələni də universitetin rəsmi saytından dəqiqləşdirmək lazımdır. 2. Çin dili. Təhsil ala biləcəyiniz digər dil isə çin dilidir. Bu halda isə ixtisas üzrə təhsilə başlamaq üçün sizə çin dilinin IELTS-i olan HSK sertifikatı lazım olacaq. Əgər HSK sertifikatınız varsa birbaşa ixtisasa müraciət edə bilərsiniz, yox əgər yoxdursa və təqaüdə müraciət zamanı çin dili seçmisinizsə sizə 1-2 illik çin dili öyrədilir (bu ərəfədə də təqaüd alırsınız) və tədris ilinin sonunda HSK imtahanına girirsiniz, əgər universitetin ixtisasa başlamaq üçün tələb etdiyi balı (universitet və ixtisasdan asılı olaraq HSK 4 və HSK 5) balı toplaya biləsəniz növbəti tədris ilindən ixtisasa başlayırsınız.

7. Ümumvətəndaş pasportu (xarici pasport)

8. Digər sənədlər. Bəzi universitetlər ümumi tələb olunan sənədlərdən əlavə xüsusi sənədlər də tələb edə bilər (məs. məhkumluq haqqında arayış)

Type A:

A kateqoriyası ilə müraciət Azərbaycanda Təhsil Nazirliyi xətti ilə olur. Qəbul həm bakalavr həm master həm də PhD. dərəcələri üzrə aparılır. Müraciət yanvarın sonları başlayır və təxminən 2 həftə davam edir. İlk mərhələdə müraciət etmək istəyən namizədlər Təhsil Nazirliyinin elektron ərizə sistemində (https://bit.ly/2T1I9tR) qeydiyyatdan keçməli və tələb olunan müvafiq sənədlərlə birlikdə sistemdə təqaüd üçün müraciətini tamamlamalıdır. Müraciət zamanı 3 ixtisas və universitet seçmə şansınız var, ixtisaslar əvvəlki təhsilinizə uyğun sahə üzrə olmalıdır. İlk mərhələdən uğurla keçən (yəni bütün sənədləri qaydasında olan, Təhsil Nazirliyinin və təqaüd proqramının bütün tələblərinə uyğun olan) namizədlər növbəti mərhələ üçün fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunurlar. Müsahibənin detallarıyla bağlı bir qədər sonra yazacam. Müsahibə mərhələsindən də uğurla keçən namizədlər, növbəti mərhələdə CSC-nin online application sistemində qeydiyyatdan keçməli və application fomu dolduraraq Təhsil Nazirliyinə verməlisiniz. Bu səndələ birlikdə seçilən namizədlərin digər sənədləri yekun təsdiq üçün Çin tərəfinə göndərilir. Çin tərəfindən (China Scholarship Council) yekun təsdiqin və universitetdən qəbul sənədinin gəlməsi artıq təqaüdün qazanılması anlamına gəlir.

Təhsil Nazirliyin müsahibə mərhələsində iştirak üçün nəzərə aldığı müəyyən meyarlar var. Məsələn, müraciət edən namizədlər TQDK(DİM)-nın keçirdiyi bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar. Bu meyarlarla ətraflı tanış olmaq üçün bu linkdən pdf faylı yükləyib, Təhsil Nazirliyinin təqaüd proqramı ilə bağlı elanına baxa bilərsiniz.

Müsahibə mərhələsində soruşulan suallar. Ümumiyyətlə təkcə Çin təqaüd proqramının müsahibəsində deyil, Təhsil Nazirliyi xətti ilə olan bütün təqaüd proqramları müsahibəsində suallar 3 kateqoriya üzrə verilir.

1. İxtisas sualları. Müraciət etdiyiniz və bundan əvvəl təhsil aldığınız ixtisasla əlaqəli suallar. İxtisasınızla bağlı istənilən yerdən sual verilə bilər sizə.
2. Nəyə görə həmin ölkə, həmin universitetlər və təhsildən sonrakı planlar.
3. Dünyagörüşü. Bu kateqoriyaya uyğun suallar əsasən Azərbaycanın tarixi (tariximizin vacib hadisələri, günləri və şəxsləri) və bu günü ilə əlaqəli suallar olur.

Mən International Trade (master, tədris ingilis dilində) ixtisası üzrə müraciət etmişdim və müsahibə zamanı məndən aşağıdakı suallar soruşulmuşdu.

-Introduce yourself.
-Why do you choose China as a study abroad destination ?
-Why these universities and do you know the ranking of universities ?
-What is the difference between World Bank and IMF (International Monetary Fund) ?
-What is the difference between GDP(Gross Domestic Product) and GNP(Gross National Product)?
-What are the methods of calculating GDP ?
-How do you calculate GDP with the expenditure method ?
-What are the reasons of USA-China trade war ?
-Talk about “Belt and Road Initiative”.
-Is Azerbaijan a member of WTO(World Trade Organization)?
-What are Free Trade Zones ?
-What are Transnational Corporations ?
-What is FDI(Foreign Direct Investment) and talk about FDI in Azerbaijan.
-Why should investors invest in agricultural sector in Azerbaijan ?
-What are your future plans after graduation ?
-Aprel döyüşlərinin Azərbaycan üçün nəticələri nələr olub ?
-Naxçıvan hadisələri zamanı ordumuz hansı əraziləri nəzarəti altına keçirə bilib ?
-2019-cu il Azərbaycanda nə ili elan olunub ?

Suallar bunlar idi. İqtisadiyyatla əlaqəli sahələr üzrə təhsil alanlar bilər ki o qədər də çətin suallar deyil əslində, əksəriyyətinə cavab vermək olar yəni. Mənim yaxşı cavab verə bilmədiyim 2 sual olmuşdu. Bir “Difference between World Bank and IMF”, bir də Naxçıvan hadisələriylə bağlı olan sual.

Type B.

Bu kateqoriyada müraciət birbaşa universitetlərə olur, arada heç bir vasitəçi olmadan və qəbul yalnız master və PhD namizədlər üçün aparılır. Sənədləri hazır edəndən sonra CSC-nin online application sistemində qeydiyyatdan keçmək, application fomu doldurmaq və sənədləri sistemə yükləmək lazım olacaq. Bu zaman siz sistemdə Type B seçməli və müraciət etdiyiniz universitetin Agency Number-ni yazmalısınız. Bu nömrəni universitetlərin rəsmi saytında Chinese Government Scholarship bölümündən əldə edə bilərsiniz. Əgər saytda tapa bilməsəniz bu linkdən əldə edə bilərsiniz. Application-ı tamamladıqdan sonra sistem sizə pdf formada application form verəcək, həmin formu çıxartdırıb, imzalayıb digər sənədlərinizin yanına əlavə edirsiniz və bütün sənədlərlə birlikdə universitetə müraciət edirsiniz təqaüd üçün. Universitetə müraciət proseduru deadline da daxil olmaqla universitetdən universitetə dəyişən bir məsələdir. Bəzi universitetlərdə deadline martın əvvəlidir, bəzilərində sonu, bəzilərində isə aprelin əvvəli və ortası, bəzi universitetlər sizdən özlərinin online application sistemində müraciəti də tələb edir, bəziləri etmir, bəziləri sənədləri poçtla ofislərinə göndərmənizi tələb edir, bəziləri etmir, bəziləri müraciət üçün application fee tələb edir, bəziləri etmir. Bütün bu məsələləri dəqiqləşdirmək üçün universitetin rəsmi saytından Chinese Government Scholarship bölümünü tapıb hərşeyi ətraflı öyrənmək lazımdır. Məsələn, bu linkdə mən “International Trade” ixtisası üzrə qəbul olduğum və təhsil alacağım “Zhengzhou University” Chinese Government Scholarship-lə bağlı bütün məlumatları ətraflı qeyd edib, təqaüddə iştirak edən ixtisaslar, müraciət zamanı lazım olan sənədlər, ümumi prosedura və s. Siz də müraciət etmək istədiyiniz universitetin rəsmi saytından CGS-lə məlumatları tapmağa çalışın. Əgər tapa bilməsəniz universitetə mail yazıb bu barədə ətraflı məlumat soruşun ki sonradan problem yaşanmasın. Deadline tamamlandıqdan sonra universitetlər qaydasında edilmiş bütün müraciətlərə baxır, ayrılmış kvotaya uyğun tələbələri seçir və bu barədə seçilmiş tələbələrə məlumat verir. Daha sonra seçilmiş tələbələrin siyahısını təsdiq üçün CSC-yə göndərir. CSC-dən yekun təsdiqin gəlməsi təqaüdün qazanılması anlamını verir, bu təsdiq gəlməyə də bilər amma əksər hallarda gəlir.

Ümumiyyətlə Azərbaycanda bəzi tələbələr arasında belə bir düşüncə var ki, Çin üçün təqaüdə çox asan düşmək olur. Bu qətiyyən düzgün fikir deyil, xüsusi ilə də B kateqoriyasına müraciət edən zaman. Səbəbini izah edim. Dediyim kimi, Type B ilə müraciət zamanı siz birbaşa universitetə müraciət edirsiniz və bu halda rəqibləriniz Pakistandan, Qazaxıstandan, Qırğızıstandan, Rusiyadan, Cənubi Asiya ölkələrindən, Afrika ölkələrindən və digər ölkələrdən müraciət etmiş tələbələr olacaq, hansıların ki seçilmə şansı 70-75% olanda Azərbaycandan müraciət etmiş hər hansı bir tələbənin şansları olacaq 20-25%. Hətta onu deyim ki, deyək ki sizin göstəriciləriniz bir pakistanlının göstəricilərindən 2-3 qat daha yaxşıdır və kvota üzrə yerin dolması üçün ya sizi ya o pakistanlını seçməlidirlər, göstəricilərinizə məhəl qoymadan pakistanlını seçəcəklər. Bir sözlə milliyət məsələsi çox önəmli rol oynayır. Ona görə də şanslarınızı artırmaq üçün aşağıda yazacaqlarımı mütləq nəzərə alın.

1. Universitet və ixtisası çox düzgün seçin. Bayaq dediyim kimi hər şeyi universitetin rəsmi saytı ilə dəqiqləşdirib daha sonra müraciət edin, kor-koranə müraciət etməyin.

2. Müraciət etdiyiniz universitetdə professorlardan birindən qəbul məktubu almağa çalışın, bu şanslarınızı xeyli artıracaq.

3. Study Planınızı (Research Plan) çox yaxşı və spesifik olaraq universitetə özəl yazın. Təqaüd qazanmanızda vacib rol oynayan sənədlərdən biri budur.

4. Müraciət etdiyiniz universitetlərlə daim əlaqədə olmağa çalışın. Bezdirməmək şərti ilə onlara yazıb sənədlərin çatıb çatmadığını, application statusunuzla bağlı məlumatlar soruşun. Universitetə göstərməyə çalışın ki siz həqiqətən orda oxumağı çox istəyirsiniz.

5. Sənədləriniz çox səliqəli və qaydasında olsun. Xüsusən də poçtla sənəd göndərən zaman bu məsələyə diqqət edin.

Bu təqaüd və ümumən Çində təhsillə bağlı (digər təqaüdlər) yazılacaq şeylər çoxdur amma hamısını yazsam onsuzda uzun olan yazım daha da uzanacaq, ona görə bütün vacib məlumatları verdiyimi düşünüb CGS ilə bağlı yazımı burda dayandırıram. Son olaraq onu deyim ki Azərbaycanlı tələbələr Çində təhsili 2,3 və ya sonuncu plan olaraq görürlər. Bunun bir neçə səbəbi var. Birincisi, ölkə olaraq Çin deyəndə ağlımıza “kitayski”, “it, pişik, ilan, qurbağa, böcək yeyilən yer” kimi ifadələrdən başqa bir şey gəlməməyi. İkincisi, Çin təhsilinin keyfiyyətinin Avropa təhsili keyfiyyətindən çox aşağı olması düşüncəsi. Hər iki düşüncə böyük mənada yanlış düşüncələrdir. Mən özüm 97 GPA, 7 IELTS, Avropada təhsil təcrübəsi, Avropa universitetlərindən beynəlxalq yay məktəbi sertifikatları, az-çox iş təcrübəsi ilə Avropa yox Çində təhsili seçmişəm. Bu seçimimə görə bir çox tanışlarım “Avropanı qoyub Çinə nəyə gedirsən, orda nə var ?” deyirlər, ancaq mən düşünürəm ki mənim üçün ən ideal seçimlərdən biri və birincisi Çindir, eləcə də sizin üçün də belə ola bilər. İllərdir avropalaşmaq, avropalaşmaq dedik normal da avropalaşa bilmədik zaten, biraz da asiyalaşaq artıq məncə, bəlkə onu bacardıq. Nəyə görə Çin, Çində təhsilin üstünlükləri, müsbət və mənfi tərəfləri, digər təqaüdlər və digər bu kimi məlumatlar əldə etmək istəyənlər, suallarınızı yazın bildiyim qədəri ilə cavablandıraram.

Visby Programme Scholarship (İsveç)

Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova, Rusiya, Ukrayna və Ermənistandan olan master dərəcəsi üzrə namizədlər üçün nəzərdə tutulmuş təqaüd proqramı. Hazırda Avropa ölkələrində verilən təqaüdlər arasında ən sanballı, ən potensiallı eyni zamanda qazanılması ən çətin olan təqaüd proqramlarından biri. Proqram haqqında ümumi məlumatı bu linkdən əldə edə bilərsiniz.

İlk öncə təqaüdə nələr daxildir, bu barədə məlumat verim.

1. Təqaüd təhsil alacağınız universitetdə təhsil haqqını qarşılayır.
2. Yaşam xərclərini qarşılamaq üçün aylıq 10,000 SEK (934 €) pul.
3. Səyahət xərclərini qarşılamaq üçün 5,000 SEK (467 €) pul.
4. Təhsil alacağınız müddətdə sığortalanma.
5. SI Network for Future Global Leaders-ə üzvlük.
6. SI Alumni Network-ə üzvlük.

Proqramda iştirak edən universitet və ixtisasların listi ilə bu linkdən tanış ola bilərsiniz.

Tələb olunan sənədlər:

1. Diplomun və ya təhsilin sonuncu ilində olduğunuzu bildirən arayışın ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.

2. Transkriptin (diplom əlavəsinin) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.

3. Motivasiya məktubu. Bu təqaüd proqramı üçün yazılacaq motivasiya məktubunun xüsusi forması var. Formanı (https://bit.ly/2Nrkbr9) bu linkdən əldə edə bilərsiniz. Formaya baxsanız görəcəksiniz ki bu məktubun kontenti digər motivasiya məktublarının kontentindən xeyli fərqlənəcək. Belə ki, burda sizdən spesifik suallar soruşulur və limitli sayda xarakterlərlə(hərflər və durğu işarələrinin sayı) bu sualları cavablamanız tələb olunur. Məsələn ilk hissədə müraciət edəcəyiniz ixtisasa uyğun sahə üzrə ölkədə və ya regionda mövcud olan bir problem, bu problemin müraciət etdiyiniz ixtisasla nə dərəcədə əlaqəli olduğu və ölkə üçün bu mövzunun nə qədər vacib əhəmiyyət daşıdığını təsvir etməlisiniz. İndi yazacağım daha aydın başa düşməniz üçün sadəcə bir misaldır. Məsələn, deyək ki müraciət edəcəyiniz ixtisas iqtisadiyyatla əlaqəli bir ixtisasdır. Bu halda Azərbaycan iqtisadiyyatının böyük həcmdə neft sektorundan asılı olması və iqtisadiyyatın digər sahələrə (turizm, kənd təsərrüfatı və s.) şaxələndirilməsinin vacibliyi ilə bağlı yaza bilərsiniz. Dediyim kimi bu sadəcə misaldır, bunu yazmanız sizə üstünlük gətirəcək deyə bir şey yoxdur. Digər sualları da bu qaydada cavablandırmaq lazımdır.

4. Tövsiyə məktubu. Motivasiya məktubunun olduğu kimi bu sənədin də xüsusi forması var. Formanı bu linkdən əldə edə bilərsiniz. Burda da müəyyən suallar var və yazan şəxs həmin suallara uyğun yazmalıdır. Bu təqaüdün sizin akademik və kariyera inkişafınız üçün nə dərəcə əhəmiyyətli olduğunu, liderlik bacarıqlarınızı, cəmiyyət üçün rolunuzu, tövsiyə edən şəxsin aid olduğu təşkilata (universitet, iş yeri və s.) sizin verə biləcəyiniz tövhələr və digər bu kimi məqamlar qeyd olunmalıdır.

5. CV. Bu sənədin də proqram üçün nəzərdə tutulmuş xüsusi forması var. Bu linkdən yükləyə bilərsiniz. CV-ni doldurarkən ilk səhifədə yazılan məlumatlara mütləq fikir verin. Məsələn, bu CV-də heç bir halda şəkil olmamalıdır.

6. Dil sertifikatı. IELTS və ya TOEFL. Əksər universitetlərin IELTS tələbi minimum 6.5-dir.

7. Ümumvətəndaş pasportu (xarici pasport).

8. Digər sənədlər. Bura əlavə sertifikatlarınız (varsa) və bəzi universitetlərin mütləq tələb etdiyi xüsusi sənədlər daxildir. (məs GMAT, GRE sertifikatı)

Qeyd: Yuxarıda qeyd etdiyim motivasiya məktubu, tövsiyə məktubu və CV üçün formalar 2019-cu il üçün nəzərdə tutulmuş formalardır və gələn il bu formaların yeniləri yüklənəcək sayta, ona görə müraciət edən zaman həmin il üçün nəzərdə tutulmuş formanı yükləyib onun üzərində yazın, ümumən bir iki dəyişikliyi çıxmaq şərti ilə kontent və suallar hər il eyni olur.

Müraciət prosesi:

Bütün sənədləri hazır etdikdən sonra artıq müraciətə başlamaq olar. İlk mərhələ düzgün ixtisas və universitet seçimi olacaq. 4 fərqli ixtisasa müraciət etmək şansınız var. Universitetlər eyni və ya müxtəlif ola bilər, bu sizin seçiminizdir, yəni eyni universitetə 2 fərqli ixtisas üzrə müraciət edə bilərsiniz və ya 4 universitet 4-ü də fərqli ola bilər. Yuxarıda verdiyim linkdən universitet və ixtisas seçimini etdikdən sonra həmin universitetin rəsmi saytına daxil olun və ixtisasın tələblərini dəqiqləşdirin, görün sizə uyğundur ya yox. Universitetlər və ixtisasları dəqiqləşdirdikdən sonra University Admissions deyilən portalda həmin universitetlərə müraciət etməlisiniz. Bunun üçün bu linkə daxil olub qeydiyyatdan keçməli, daha sonra hesabınızda “Find a course” bölümünə daxil olub, müraciət etmək istədiyiniz ixtisas və universiteti axtarışa yazaraq həmin universitetə apply etməlisiniz. Bu prosesi seçdiyiniz 4 ixtisas və universitetin hər biri üçün təkrar etmək lazımdır. Daha sonra hesabınızda “my pages”-ə daxil olaraq “application” bölümündən seçimlərinizin düzgün və qaydasında olduğunu yoxlayın. Sonra “documents” bölümünə daxil olaraq müraciət etdiyiniz universitetlərin tələb etdiyi sənədləri bu hissəyə yükləyin. Bu sənədlər dil sertifikatı, passport, diplom və transkript (diplom əlavəsi) və digər sənədlər (varsa sertifikatlarınız və universitetin tələb etdiyi digər sənədlər) olacaq. Universitetlərə müraciətin son mərhələsi 900 SEK (84 €) olan application fee-ni ödəməkdir. Bu ödəniş non-refundable yəni heç bir halda sizə geri ödənilməyəcək bir ödənişdir, seçilsəniz də seçilməsəniz də. Bütün bu işləri ən geci yanvarın ayının son gününə qədər edin çünki universitetlərə müraciət üçün və ödəniş üçün deadline 1 fevraldır (bəzi universitetlərdə dəyişə bilər).

Bunlar sadəcə universitetlərə müraciət üçün olan işlər idi və bununla iş bitmir, növbəti mərhələ təqaüd üçün müraciət mərhələsidir. Bunun üçün fevralın ilk 15 günlüyündə (deadline fevralın ilk günləri və ortası arası olur) digər portalda qeydiyyatdan keçib Visby Scholarship üçün müraciət etmək lazımdır. Bu mərhələdə də hər 4 ixtisas və universitet üçün ayrı ayrılıqda application form doldurmaq və sənədləri yükləmək tələb olunacaq. Yükləməli olduğunuz sənədlər motivasiya məktubu, tövsiyə məktubu və CV olacaq. Eyni motivasiya və tövsiyə məktubunu hər 4 universitet üçün də istifadə edə bilərsiniz və ya hər biri üçün ayrı ayrılıqda yaza da bilərsiniz, bu sizin qərarınızdır. Hər ixtisas və universitet üçün bu prosesi yekunlaşdırdıqdan sonra müraciətinizi təsdiq edirsiniz və gözləmə mövqeyinə keçirsiniz. Cavabların açıqlanması 2 mərhələdə olacaq. İlk olaraq University Admissions portalında müraciət etdiyiniz universitetlərdən qəbul gəlməlidir, bu qəbul mart aprel aylarında gəlir. Universitetlərdən qəbul gəlməsə bu iş elə ordaca bitir sizin üçün, geçmiş olsun önünüzdeki maçlara bakarsınız artık. Universitetdən qəbulun gəlməsi isə hələ təqaüd qazanmanız anlamına gəlmir. Çünki təqaüdü sizə universitet vermir. Təqaüd üçün yekun nəticələr aprelin sonu açıqlanır, həmin açıqlanan listdə sizin “application number”-in olması sizin adınıza mutlu son deməkdir, artıq 4 ay sonra rahatlıq və özgüvənlə Facebook profilinizə “He/She studies at Lund University” əlavə edə bilərsiniz.

Təqaüdə seçim mərhələsində nə vacib rol oynayır ?

Əslində bu suala cavab vermək bir qədər çətindir. Çünki dediyim kimi bu təqaüd qazanılması ən çətin təqaüdlərdən biridir. Bir çox namizəd 95+ GPA, 7+ IELTS ilə ilə bu təqaüdü qazana bilməyib. Düşünürəm ki yüksək akademik göstəricilərlə yanaşı, düzgün ixtisas seçimi məsələsi, həmin sahədə iş təcrübəsinin olması, və motivasiya məktubun yaxşı və qaydasında yazılması çox vacib rol oynayır. Yəni sadəcə yüksək akademik göstəricilərlə bu təqaüdü qazanmaq bir qədər çətindir amma mümkünsüz deyil təbii ki.

Bu il təqaüdə 7 ölkə üçün toplamda 65 yer ayrılmışdı. Azərbaycandan 139 nəfər təqaüdə müraciət etmişdi və onlardan 12-si təqaüd qazana bildi. Ölkələr üzrə təqaüd ayrılmış ixtisas və universitetlərin listinə bu linkdən baxa bilərsiniz.

Visegrad Scholarship (Çexiya, Polşa, Macarıstan və Slovakiya)

Çexiya, Polşa, Macarıstan və Slovakiya universitetlərindən birində təhsilinizi maliyyələşdirəcək təqaüd proqramı. Proqram master, post-master və researchers bu 3 kateqoriyadan olan namizədlər üçün nəzərdə tutulub. Proqrama müraciət təxminən fevralın ortaları başlayır və deadline 15 mart olur. Proqram haqqında ümumi məlumatı bu linkdən əldə edə bilərsiniz.

Təqaüdə nələr daxildir ?

1. Təhsil haqqının ödənilməsi üçün illik 3000€.
2. Yaşam xərclərinin qarşılanması üçün illik 4600€ (aylıq 383€).
3. Əgər təhsil alacağınız ölkə ilə Azərbaycan (Azərbaycan universitetlərindən məzun olduğunuz halda) arasındakı məsafə 1500km-dən artıq olsa səyahət xərcləri proqram tərəfindən qarşılanır.

Tələb olunan sənədlər:

1. Bayaq qeyd etdiyim 4 ölkə universitetlərinin birindən qəbul məktubu
2. Əvvəlki təhsilinizin son 2 semestrinin göstəriciləri əks olunan transkript
3. Ümumvətəndaş pasportu (xarici pasport)

Təqaüdə müraciət zamanı sizdən cəmi bu 3 sənəd tələb olunur. Burda əsas məsələ təqaüdə müraciətdən əvvəl hansısa ölkə universitetindən alınacaq qəbul məktubudur. Bu zaman sizdən əlavə sənədlər tələb oluna bilər. Ölkələr üzrə universitetlərin və ixtisasların siyahısına aşağıdakı saytlardan baxa bilərsiniz.

Çexiya – https://bit.ly/2HjWLQE
Polşa – https://bit.ly/2MyV062
Macarıstan – https://bit.ly/2Zmznw4
Slovakiya – https://bit.ly/2NqCWe8

Universitet və ixtisas seçərkən mütləq nəzərə almalı olduğunuz bir məqam var. Seçdiyiniz ixtisas üzrə universitetin illiyi 3000€-nun üzərində olsa geri qalan məbləği siz ödəməli olacaqsınız, çünki az öncə dediyim kimi təqaüd universitet illiyinin ödənişi üçün bir ildə sadəcə 3000€ ayırır. Deyək ki seçdiyiniz və qəbul olduğunuz ixtisasın illiyi 4000€ oldu, bu halda geri qalan 1000€-nu öz büdcənizdən ödəməli olacaqsınız. Ona görə də bu məsələni mütləq nəzərə alın universitet və ixtisas seçərkən. Əgər universitet və ixtisas məsələsini dəqiqləşdirdinizsə növbəti iş həmin universitetin rəsmi saytına daxil olub həmin ixtisas üzrə tələblərinə və müraciət prosesinə baxmaq olsun. Bu barədə məlumat tapa bilməsəniz universitetə mail yazıb ətraflı soruşun. Qəbul prosesi universitetdən universitetə dəyişən bir məsələdir. Bəzi universitetlərin online application system-i var və qəbul almaq üçün mütləq o sistem üzərindən apply etməlisiniz, bəzilərində isə sadəcə mail üzərindən də qəbul ala bilərsiniz, bəziləri müraciət üçün application fee tələb edir, bəziləri etmir, müraciət zamanı tələb olunacaq sənədlər də universitetdən universitetə dəyişir. Bütün bu məsələləri ya universitetin rəsmi saytı ilə dəqiqləşdirin, ya da mail yazıb soruşun. Bu mərhələdə məsləhətim odur ki, bir yox bir neçə universitetə müraciət edin. Çünki ola bilər müraciət etdiyiniz bir universitetdən qəbul gəlməz, bu halda təqaüdə də müraciət edə bilməyəcəksiniz. Ona görə də şanslarınızı artırmaq üçün bu mərhələdə bir yox, bir neçə universitetə müraciət edib qəbul gəlməsini gözləyin. Universitetlərə müraciət prosesinə nə qədər tez başlasanız o qədər yaxşıdır, çünki qəbul sənədi 1-2 gündə gələsi bir şey deyil. Bu proses ən azı 10 gün bəzən 1-2 ay çəkə bilər. Ancaq onu da nəzərə alın ki qəbul sənədinizdə olan tarixlə təqaüdə müraciət etdiyiniz tarix arasında 3 aydan çox vaxt ola bilməz. Ona görə zamanlamanızı düzgün edin ki, martın əvvəlinə kimi qəbul sənədi əlinizdə olsun təqaüdə müraciət etmək üçün.

Deyək ki qəbul sənədini də aldınız, artıq təqaüdə müraciət etmək olar. Bunun üçün Visegrad Fund-ın online application systemində (https://bit.ly/2nhXWWt) qeydiyyatdan keçməli və müraciətinizi tamamlamalısınız. Müraciət zamanı haqqınızda lazımı məlumatları yazmanız və qəbul aldığınız ixtisasla əlaqəli müəyyən sualları cavablamanız tələb olunur. Bu suallar nələrdir ?

1. Content and objectives of the study/research project: Bu hissədə təhsil alacağınız müddətdə hansı mövzuda research aparacağınız və həmin research-ün kontenti barədə məlumatlar yazmalısınız. Mövzu seçərkən çalışın elə mövzu seçəsiniz ki həmin mövzu ya ölkəmiz üçün ya da ümumən dünya üçün çox vacib rol oynayacaq bir mövzu olsun. Məsləhətim odur ki, əgər sahəniz də uyğun gəlirsə research üçün mövzu seçərkən UN Sustainable Development Goals (BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri)-nə nəzər yetirin və çalışın mövzu ordakı məqsədlərdən biri ilə uyuşan bir mövzu olsun. Məsələn, həmin məqsədlərdən biri “Affordable and Clean Energy” adlanır. Bu məsələni ölkəmiz ilə də uyğunlaşdırsaq “Renewable energy in Azerbaijan” mövzusu bu sahə üzrə uyğun gələn ixtisaslar üçün çox gözəl bir research mövzusu ola bilər. Təbii ki bu sadəcə bir misaldır. Bu mövzunu seçsəniz təqaüd qazanacaqsınız deyə bir şey yoxdur.

2. Brief outline of the impact of the research project, expected results, contribution to the future career (motivation in case of Master’s scholarship): Bu hissədə isə aparacağınız tədqiqatın təsiri, gözlənilən nəticələri və sizin gələcək kariyeranıza necə təsir edə biləciyilə bağlı fikirlərinizi yazmalısınız.

3. Practice/experience in the field. Bu hissədə isə həmin sahə üzrə olan təcrübənizi yazmaq tələb olunur.

Lazımı məlumatları və sualları cavablandırdıqdan sonra son olaraq yuxarıda qeyd etdiyim tələb olunan 3 sənədi sistemə yükləyib müraciətinizi təsdiq edirsiniz.

Təqaüdə seçim mərhələsində nə vacib rol oynayır ?

Düşünürəm ki bu sualın cavabı bayaq qeyd etdiyim 3 sualın cavablarıdır, research-lə bağlı. Orda yazacaqlarınız təqaüdə seçim mərhələsində sizin haqqınızda çox şey deyəcək.

Stipendium Hungaricum (Macarıstan)

Azərbaycandan olan tələbələr üçün sayca ən çox verilən təqaüd proqramı. Belə ki, hər il təxminən 200 Azərbaycanlı tələbə bu təqaüdü qazanır. Təqaüd həm bakalavr, həm master, həm də PhD. namizədlər üçün nəzərdə tutulmuşdur.

Təqaüdə nələr daxildir ?

1. Təqaüd sizi təhsil alacağınız universitetdə təhsil haqqından azad edir.
2. Universitet yataqxanasında ödənişsiz qalmaq imkanı.
3. Təhsil alacağınız müddətdə tibbi sığorta.
4. Bakalavr və masterlər üçün aylıq 40.460 forint (123€), PhD. üçün aylıq 140.000 forint (423€) pul.

Proqrama müraciət Azərbaycanda Təhsil Nazirliyi xətti ilə olur. İlk olaraq (https://bit.ly/2EoH22A) bu saytdan özünüz üçün ixtisas və universitet seçimi edin. Proqrama müraciət zamanı 2 universitet seçmə şansınız var. Seçimləri etdikdən sonra həmin universitetlərin tələblərinin sizə uyğun olub olmamasını yoxlayın. Daha sonra proqramın online application systemdən (https://bit.ly/2Fbk4IU) qeydiyyatdan keçərək ərizə sistemini doldurub təsdiq edin, çətin bir şey deyil özünüz rahat edə bilərsiniz. Növbəti proses isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemində (https://bit.ly/33Ww120) qeydiyyatdan keçib müraciəti tamamlamaq olacaq. Çalışın hər iki sistemdə qeydiyyatınız yanvarın ilk 10 günlüyündə yekunlaşdırın (ilk öncə Macarıstan).

Tələb olunan sənədlər:

1. Bakalavr üçün müraciət edənlərdə attestatın, master və PhD. üçün müraciət edənlərdə diplomun ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.

2. Transkriptin (diplom əlavəsinin) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.

3. Motivasiya məktubu. Bu proqram müraciət zamanı motivasiya məktubu üçün xüsusi bir forma yoxdur, standart yazılmış motivasiya məktubundan istifadə edə bilərsiniz. Necə yazılmalı olduğuyla bağlı postun əvvəlində məlumat vermişdim.

4. Tövsiyə məktubları. Tövsiyə məktubunun da xüsusi bir forması yoxdur. Standart qaydada yazılmış tövsiyə məktubundan istifadə edə bilərsiniz.

5. Europass formada CV – https://bit.ly/1hGlWZB bu linkə daxil olaraq online hazırlaya bilərsiniz. Sistem özü sizə hər şeyi təqdim edir, sizə sadəcə müvafiq xanaları doldurmaq qalır, asan bir işdir.

6. Dil sertifikatı (IELTS, TOEFL). Universitetdən asılı olaraq IELTS 6.0 ortalama ilə də təqaüd qazana bilərsiniz.

7. Ümumvətəndaş pasportu (xarici pasport).

8. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış(ingilis dilində və ya notarial qaydada tərcümə təsdiq olunmuş). Bu sənədləri almaqda heç bir problem yaşanmır, azərbaycan dilində alıb daha sonra tərcümə və təsdiq etdirə bilərsiniz.

9. Doktorantura proqramı üçün müraciət edən namizədlər tədqiqat işi.

10. Digər sənədlər. Sertifikatlar və ya ayrı ayrı universitetlərin tələb etdiyi sənədlər (məs. SAT)

Qeyd etdiyim kimi qəbul Təhsil Nazirliyi xətti ilə aparıldığı üçün nazirlik tərəfindən əlavə sənədlər (məs. hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd) tələb olunur. Eyni zamanda Təhsil Nazirliyin müsahibə mərhələsində iştirak üçün nəzərə aldığı müəyyən meyarlar var. Məsələn, müraciət edən namizədlər TQDK(DİM)-nın keçirdiyi bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 350, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar. Bütün bunlar barədə daha ətraflı məlumat almaq üçün (https://bit.ly/2KRSru3) bu linkə daxil ola bilərsiniz.

İlk mərhələdən uğurla keçən (yəni bütün sənədləri qaydasında olan, Təhsil Nazirliyinin və təqaüd proqramının bütün tələblərinə uyğun olan) namizədlər növbəti mərhələ üçün fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunurlar. Müsahibə mərhələsində soruşulan suallar Çin təqaüd proqramında dediyim kimi burda da 3 kateqoriya üzrə verilir.

1. İxtisas sualları. Müraciət etdiyiniz və bundan əvvəl təhsil aldığınız ixtisasla əlaqəli suallar. İxtisasınızla bağlı istənilən yerdən sual verilə bilər sizə.

2. Nəyə görə Macarıstan, həmin universitetlər və təhsildən sonrakı planlar.

3. Dünyagörüşü. Bu kateqoriyaya uyğun suallar əsasən Azərbaycanın tarixi (tariximizin vacib hadisələri, günləri və şəxsləri) və bu günü ilə əlaqəli suallar olur.

Müsahibə mərhələsindən də uğurla keçmiş iştirakçıların namizədliyi yekun təsdiq üçün Macarıstan tərəfinə göndərilir. Bu ərəfədə seçdiyiniz universitet də sizi online şəkildə müsahibə edə bilər. Bu cür müsahibələr elə də çətin olmur, artıq şablon halını almış “Nəyə görə Macarıstan ?”, “Nəyə görə bu ixtisas və bizim universitet ?”, “Səni digər namizədlərdən fərqləndirən xüsusiyyətlər”, “İxtisadan bir neçə sual”, “Gələcək məqsəd və planlar” kimi suallar soruşulur.

Təqaüdə seçim mərhələsində nə vacib rol oynayır ?

Burda ən önəmli məqam akademik göstəricilərinizlə yanaşı Təhsil Nazirliyi müsahibəsində soruşulacaq suallara verəcəyiniz cavablar olacaq.

Macarıstan tərəfindən yekun təsdiqin gəlməsi artıq təqaüdün qazanılması anlamına gəlir.

Latvian State Scholarship (Latviya)

Təhsil Nazirliyi xətti ilə müraciət edə biləcəyiniz başqa bir təqaüd proqramı. Proqram bakalavr, master və PhD. dərəcəsi üzrə təhsil üçün nəzərdə tutulub. Bakalavr dərəcəsi üzrə müraciət edənlər təhsillərinin ən azı 1 ilini tamamlamış olmalıdırlar. Hər il ölkə üzrə müraciət edən namizədlərin sayının 10%-i qədər təqaüd ayrılır. Məsələn deyək ki Azərbaycandan 100 nəfər müraciət edib, bu halda təqaüd üçün kvota 10 yer olacaq. Proqram haqqında ümumi məlumatı (https://bit.ly/2BhyKGJ) bu linkdən əldə edə bilərsiniz.

Təqaüdə nələr daxildir ?

1. Bakalavr və masterlər üçün aylıq 500€, PhD üçün aylıq 670€
2. Error 404 not found

Gördüyünüz kimi bu təqaüd sizə sadəcə aylıq müəyyən qədər pul verir, digər heç bir xərclərinizi qarşılamır. Sığorta, səyahət və digər bu kimi xərcləriniz proqram tərəfindən qarşılanmır, bu xərcləri tələbə özü qarşılamalıdır. Aylıq verilən pulu necə xərcləyəcəyinizə siz qərar versiniz, bu pulla ya qəbul olduğunuz universitetin illiyini ödəyə bilərsiniz, ya da digər yaşam xərcləri üçün istifadə edə bilərsiniz. Bu büdcə ilə hər ikisini eyni anda etmək mümkünsüzə yaxın bir şeydir, ona görə də sizə kənardan müəyyən qədər gəlir lazım olacaq. Bu təqaüdlə eyni zamanda başqa təqaüd ala bilmə şansınız da yoxdur, çünki proqram qaydaları buna imkan vermir. Onu da qeyd edim ki Latvian philology, Latvian literature, Latvian culture və Latvian history bu 4 ixtisası çıxmaq şərti ilə digər ixtisaslar üçün təqaüd ilk mərhələdə sizə 10 aylıq verilir, yəni təhsilinizin ilk ili üçün. Davamının gəlməsini istəyirsinizsə növbəti il yenidən təqaüdə müraciət etməli olacaqsınız. Əgər təqaüd müddəti dövründə hansısa ayın 15 gün və ya daha artığını Latviya xaricində keçirsəniz həmin ayın təqaüdü verilmir.

Təqaüdə müraciət etmək üçün ilk proses Latviyanın hər hansı bir universitetindən qəbul almanız olacaq. Universitet və ixtisas seçimi üçün (https://bit.ly/2zuoMRf) bu saytdan istifadə edə bilərsiniz. Universitetlərin və ixtisasların tələbləri dəyişə bilər. Ona görə də universitet və ixtisas seçimi etdikdən sonra həmin universitetin rəsmi saytına daxil olub tələbləri və müraciət prosesini dəqiq öyrənin. Bəzi universitetlər seçim mərhələsində sizi online müsahibə edə bilər. Çətin müsahibə olmur, Macarıstan universitetləri üçün qeyd etdiyim suallar kimi bu universitetlərdə də şablonlaşmış suallar soruşulur.

Deyək ki universitetdən qəbul aldınız, növbəti iş təqaüdə müraciət olacaq.

Tələb olunan sənədlər:

1. Latviya universitetlərinin birindən alınmış qəbul məktubu.
2. Diplom və ya universitetdən arayışın ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.
3. Transkriptin (diplom əlavəsinin) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti.
4. Motivasiya məktubu. Bu proqram müraciət zamanı motivasiya məktubu üçün xüsusi bir forma yoxdur, standart yazılmış motivasiya məktubundan istifadə edə bilərsiniz. Necə yazılmalı olduğuyla bağlı postun əvvəlində məlumat vermişdim.
5. Tövsiyə məktubları.
6. Alacağınız təhsilin study planı. Bu sənədin formasını (https://bit.ly/2HnXOyS) bu linkdən yükləyə bilərsiniz. Sənədi doldurmaq üçün qəbul olduğunuz universitetdən bu barədə məlumat tələb edə bilərsiniz.
7. Europass formada CV – https://bit.ly/1hGlWZB bu linkə daxil olaraq online hazırlaya bilərsiniz.
8. Dil sertifikatı (IELTS, TOEFL). 6.0 IELTS ilə də qəbul ala bilərsiniz.
9. Ümumvətəndaş pasportu (xarici pasport)

Müraciət prosesi:

Bütün sənədlərinizi hazır etdikdən sonra mart ayının sonuna qədər (deadline: 1 aprel) online application systemdə (https://bit.ly/2ZemmoY) qeydiyyatdan keçib, application formu doldurub və sənədlərinizi yükləyərək müraciətinizi tamamlamalısınız.

Bundan sonra 5 aprel tarixinə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemindən (https://bit.ly/2T1I9tR) qeydiyyatdan keçib, müvafiq sənədlərlə müraciət etmək lazımdır.

Təqaüdə seçim mərhələsində nə vacib rol oynayır ?

Bu sualın cavabını əslində özləri verirlər. Belə ki proqramın özünün elan etdiyi müəyyən kriteriyalar var ki, seçim bu kriteriyalar üzərindən olur. (https://bit.ly/2L3NahF) bu linkə daxil olaraq həmin kriteriyalarla tanış ola bilərsiniz.

Təqaüdün yekun nəticələri iyun ayının əvvəlləri açıqlanır.

Təqaüd proqramlarıyla bağlı yazımı burda dayandırıram. DAAD scholarships (Almaniya), Estoniya təqaüdləri və digər bu kimi təqaüdlər barədə də az-çox məlumat verə bilərəm, amma heç birində təcrübəm olmadığı üçün yazmamaq qərarına gəldim. Çünki mən istəyirəm ki təqaüdlə bağlı məlumatlar hər bir detalı və incəliyinə kimi verilsin. Əgər ki dediyim və ya digər təqaüd prorqamlarında təcrübəsi olan və bu təcrübələrini detallı şəkildə digərləri ilə bölüşmək istəyən varsa, buyursun mənə yazsın, müəllif qeyd olunmaq şərti ilə həmin məlumatları da bu posta əlavə edim.

Mən sizinlə paylaşdığım bütün məlumatları heç bir xaricdə təhsil şirkətinə müraciət etmədən özüm əldə etmişəm. Bunu məndən başqa yüzlərlə tələbə edib və sizlər də edə bilərsiniz, çətin bir şey deyil, hamınız internetdən istifadə edə bilirsiniz. Xaricdə təhsil barədə də düşündüyünüzə görə az-çox ingilis dili biliyinə də sahibsiniz. Bu iki şey sizə bütün məlumatları əldə etmək üçün bəs edər: internet və ingilis dili biliyi. Sadəcə özünüzü biraz əziyyətə verib axtarış etməli və araşdırmalısınız. Əgər əlavə pulunuz varsa və rahatlıq sevirsinizsə təhsil şirkətləri ilə müraciət edə bilərsiniz. Yox əgər özüm edə biləcəyim bir şey üçün niyə başqasına pul verim deyirsinizsə o zaman işə elə indidən getmək istədiyiniz ölkə, müraciət etmək istədiyiniz proqram və ya universitetlə bağlı bütün məlumatları toplamaqla başlayın. Özünüzün tək başına bacara biləcəyiniz bir şeydir təqaüd qazanmaq, bunu hər il onlarla tələbə bacarır.

Ümumən bütün ölkələrdə mövcud təqaüd proqramları haqqında məlumat almaq üçün aşağıdakı saytlardan istifadə edə bilərsiniz, bu saytları daim izləyin.

Edu Active – https://bit.ly/33Wqt7U
Scholarship Positions – https://bit.ly/2NwSk8M
We Make Scholars – https://bit.ly/2Pcyx11
International Scholarships – https://bit.ly/2JDcd9v
Scholarships for Development – https://bit.ly/1IyDrcx
Scholarship Fellow – https://bit.ly/2KT7X8K

Bu qədər, çox uzun, bəlkə də yorucu bir yazı oldu bilirəm. Amma ən azından kimlər üçünsə faydalı bir yazı olduğunu düşünürəm. Bu yazı ilə kimlərsə köməyim dəyəcəksə nə xoş mənə. Kimin nə sualı olsa bu postun rəy bölməsinə, inboxa və ya mail ünvanıma (shamilabbasoff@gmail.com) yaza bilər. Bu aralar başım qarışıq olduğu üçün ola bilər gec cavablayım amma vaxt tapdıqca bacardığım və bildiyim qədəri ilə hər kəsə kömək etməyə və sualları cavablandırmağa çalışacam. Sadəcə sizdən bir xahişim var, həm bu həm də ilk postu tam oxumamış və ya postda yazdığıma baxmayaraq eyni sualları soruşmayın.

Hər birinizə gələcək təhsil, iş və şəxsi həyatınızda uğurlar arzu edirəm, çörəyiniz bol olsun 🙂

Share this Article