Xaricdə təhsil üzrə dövlət proqramı – qəbul şərtləri və tələblər

Rəsul Musayev
Rəsul Musayev
3 Min Read
xaricde tehsil uzre dovlet proqrami, xaricdə təhsil dövlət proqramı
Xaricdə təhsil üzrə dövlət proqramları - Xaricde tehsil dovlet proqrami

Məlum məsələdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çatışmazlıqlardır. Bu cür çətinliklərin üstəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Ancaq, sözsüz ki, bu proqramın özünəməxsus tələbləri və xüsusiyyətləri də var.

Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir. Bu proqram haqqında ətraflı məlumat verməzdən əvvəl qeyd etmək istərdik ki, çoxunuzun yaxşı bələd olduğu 2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqram ilə müqayisə etsək, bir çox fərqlər var.

2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində, azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu.

2019-2023-cü illər üçün nəzərdə tutulmuş Xaricdə təhsil dövlət proqramı

4 illik fasilədən sonra xaricdə təhsil üzrə dövlət proqramı nəhayət ki, fəaliyyətini bərpa etməyə başladı. Lakin bu səfər, təəssüf ki, ayrılan büdcə bütün ali təhsil pillələrini əhatə etmir.  2019-2023-cü illər üçün nəzərdə tutulan xaricdə təhsil üzrə dövlət proqramı əsas 2 istiqaməti əhatə edir:

  1. Azərbaycan və dünyanın ali təhsil müəssisələri arasında ikili diplom üzrə əməkdaşlıq proqramlarının yaradılması
  2. Xaricdə doktorantura təhsil pilləsi üzrə tələbələrin maliyyələşdirilməsi.

Bəli, artıq xaricde tehsil üzrə dovlet proqrami daha çox elmi tədqiqat işlərinə töhfə verən milli kadrların yetişdirilməsinə fokuslanıb. Bundan əlavə, yeni proqramın spesifik tərəfi ondan ibarətdir ki, namizədlərin qəbul olduqları ali təhsil müəssisələri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmalıdır. Universitetin dünya reytinq sıralamasındakı yerini müəyyənləşdirmək üçün 2 əsas siyahıya istinad oluna bilər:

  • “Times Higher Education (THE) World University Rankings”;
  • “Academic Ranking of World Universities (Shanghai)”.

Xaricdə təhsil üzrə dövlət proqramları-na müraciət edə bilmək üçün ən vacib məqamlardan biri gələcək tədqiqat işi haqda Azərbaycan dilində 2000 söz həcmində xülasə yazmaqdır. Namizəd tərəfindən xaricde tehsil üçün seçilmiş müvafiq universitet və təhsil proqramının Azərbaycan Respublikası üçün hazırda prioritet olaraq görülən məsələlərə müsbət təsir vəd etməsi təqaüd üçün yekun qərarın verilməsində həlledici rol oynayır.

Digər tələblər və sənəd qəbulu haqqındakı spesifik detallar barədə məlumat üçün rəsmi səhifəni ətraflı şəkildə araşdırmağınız tövsiyə olunur.

Share this Article